Hacı Əziz məscidinə müdaxilənin qarşısı alındı (FOTO)

Baş səhifə

Bakı.Trend:

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və
Bərpası üzrə Dövlət Xidməti tərəfindən Hacı Əziz məscidində
aparılan qanunsuz təmir işlərinin qarşısı alınıb.

Trend xəbər
verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası
üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində
yerləşən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust
2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli
memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş Hacı Əziz
məscidinə (3200 inventar nömrəli) müdaxilə faktı aşkar edilib.

Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları
tərəfindən məscidə baxış keçirilən zaman “Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinin pozularaq, layihəsi razılaşdırılmadan təmir işlərinin
aparıldığı müəyyən edilib.




Qanunsuz təmir işlərini həyata keçirən podratçı şirkət –
“Dostluq H-EL” MMC-nin nümayəndələrinə işlərin dərhal
dayandırılması və abidənin ilkin vəziyyətinə qaytarılması barədə
xəbərdarlıq edilib.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində abidənin
xarici divarına vurulan suvaq qatı təmizlənərək ilkin görkəminə
qaytarılıb.

İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə inzibati xəta
haqqında protokol tərtib edilib və Sabunçu Rayon Məhkəməsinə
göndərilib.

Qeyd edək ki, “Tarix və mədəniyyət abidələrinin qorunması
haqqında” Azərbaycan Respublikası Qanununun əsasən, abidələrin
bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün
təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin
aparılması qadağandır. Abidələrin üzərində bərpa, konservasiya,
təmir və digər işlər onların layihələri Dövlət Xidməti tərəfindən
təsdiq edildikdən sonra aparılmalıdır. Abidələrin qorunması
haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması
cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir