
Bakı. Trend:
Böyük Britaniya və onun bir sıra Avropa müttəfiqləri yeni,
qiymət baxımından səmərəli hava hücumlarından müdafiə (HHM)
vasitələrinin birgə hazırlanması ilə məşğul olacaqlar.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə
Nazirliyi məlumat yayıb.
“Böyük Britaniya və E5 üzrə tərəfdaşlarımız – Fransa, Almaniya,
İtaliya və Polşa – NATO-nun müdafiə sipərini gücləndirmək məqsədilə
yeni nəsil hava hücumundan müdafiə sistemlərinə və avtonom
sistemlərə birgə investisiyaları artırırlar”, – Böyük Britaniyanın
müdafiə və sənaye naziri Lyuk Pollard bildirib.
Ötən həftə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat vermişdi
ki, ölkə hökuməti 2025-ci maliyyə ilində digər Avropa dövlətləri
ilə birgə həyata keçirilən uzaqmənzilli raket proqramlarının, eləcə
də səs sürətini aşan silahlarının inkişafına 545 milyon ABŞ dolları
ayıracaq.

