
Bakı. Trend:
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dördüncü
“Yüksəliş” müsabiqəsinin qalibi Əkbər Əsgərov ilə görüşüb.
Komitədən Trend-ə verilən məlumata görə, görüşdə “Yüksəliş”
müsabiqəsinin ölkədə kadr potensialının formalaşdırılmasında rolu,
qaliblərin peşəkar inkişaf imkanları və dövlət idarəçiliyində
tətbiqi mümkün innovativ yanaşmalar kimi mövzular diqqət mərkəzində
olub.
Bildirilib ki, eyni zamanda, diaspor siyasətinin prioritet
istiqamətləri, xaricdə yaşayan azərbaycanlıların milli maraqlarının
beynəlxalq platformalarda daha effektiv təmsil olunması məsələləri
ətrafında müzakirələr aparılıb. Əkbər Əsgərovun fərdi inkişaf
planı, peşəkar hədəfləri və gələcək fəaliyyət istiqamətləri
nəzərdən keçirilib. Dövlət və ictimai idarəetmədə liderlik
keyfiyyətlərinin formalaşdırılması, qlobal şəbəkələşmə və strateji
baxışın genişləndirilməsi barədə fikir mübadiləsi olub.
Əkbər Əsgərov müsabiqə çərçivəsində qazandığı təcrübənin,
xüsusilə, Mentorluq Proqramının peşəkar inkişafına müsbət təsir
göstərdiyini bildirib, gələcək fəaliyyətində dövlət siyasətinin
prioritet istiqamətlərinə uyğun təşəbbüslərlə çıxış etməyə hazır
olduğunu söyləyib.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis
olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi
inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul
mükafatı əldə edirlər.
Qeyd edilib ki, Prezident İlham Əliyev sayca altıncı “Yüksəliş”
müsabiqəsinin keçirilməsi ilə bağlı 10 dekabr 2025-ci il tarixində
müvafiq Sərəncam imzalayıb.

