
Bakı. Trend:
Macarıstanın “MOL Group” şirkətinin Azərbaycanın
“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə xam neft hasilatı
2025-ci ilin dördüncü rübündə günə 15,200 barel neft ekvivalenti
(boepd) səviyyəsinə yüksəlib ki, bu da 2024-cü ilin dördüncü
rübündəki 13, 100 boepd göstəricisi ilə müqayisədə 16 faiz
çoxdur.
Trend bu barədə
şirkətin son məlumatlarına istinadən xəbər verir.
2025-ci ilin üçüncü rübü ilə müqayisədə (həmin vaxt hasilat
13,200 boepd təşkil edib) dördüncü rübdə bu göstərici 15,2 faiz
artıb.
2025-ci ilin yekunlarına görə, hasilat günə 13,400 boepd təşkil
edib. Bu göstərici əvvəlki ilin 12 700 boepd səviyyəsi ilə
müqayisədə 5,5 faiz artım anlamına gəlir.
bp şirkətinin məlumatına əsasən, 1997-ci ilin noyabrında
kommersiya işlənməsinə başlanıldığı vaxtdan 2025-ci ilin sonunadək
AÇG yataqlar blokundan ümumilikdə təxminən 4,6 milyard barel neft
hasil olunub.
Həmin dövrdə 61 milyard kubmetr səmt qazı ixrac edilib.
2025-ci ildə orta illik hasilat günə təxminən 330 000 barel
(təxminən 120 milyon barel və ya 16 milyon ton) təşkil edib.
Platformalar üzrə göstəricilər belə olub: “Çıraq” – günə 21 000
barrel, “Mərkəzi Azəri” – günə 90 000 barrel, “Qərbi Azəri” – günə
76 000 barrel, “Şərqi Azəri” – günə 43 000 barrel, “Dərin Sulu
Günəşli” – günə 51 000 barrel, “Qərbi Çıraq” – günə 24 000 barrel
və “Mərkəzi Şərqi Azəri” (ACE) – günə 25 000 barrel.
“BP Exploration (Caspian Sea) Limited” AÇG üzrə Məhsulun Pay
Bölgüsü Sazişi (PSA) iştirakçıları adından operator qismində çıxış
edir.
AÇG layihəsində iştirak payları aşağıdakı kimidir:
bp – 30,37%, SOCAR – 31,65%, MOL – 9,57%, INPEX – 9,31%,
ExxonMobil – 6,79%, TPAO – 5,73%, ITOCHU – 3,65%, ONGC Videsh –
2,92%.

