Azərbaycan və Özbəkistan arasında investisiya portfelinin həcmi açıqlandı (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Özbəkistan və Azərbaycan arasındakı mövcud investisiya portfeli
ümumilikdə 3,4 milyard dollar məbləğində 30-a yaxın layihəni ehtiva
edir.

Bunu Özbəkistanın Azərbaycandakı səfirinin ticari-iqtisadi
məsələlər üzrə müşaviri Sancar Mahmudov Bakıda keçirilən
“Özbəkistan-Azərbaycan: müttəfiqlik qarşılıqlı fəaliyyətinin
arxitekturası” mövzusuna həsr olunan dəyirmi masa çərçivəsində
Trend-ə açıqlamasında
bildirib.

“Biz təxminən 10 milyard dollar həcmində yeni layihələr
paketinin formalaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə etmişik.
Hazırda layihə razılaşdırılma mərhələsindədir”, – deyə o qeyd
edib.

Sancar Mahmudovun sözlərinə görə, gələcək paket iqtisadiyyatın
və sənaye kooperasiyasının demək olar ki, bütün sahələri ilə bağlı
geniş spektrı əhatə edəcək.

“Biz Azərbaycana tekstil məhsullarının ixracını genişləndirmək
istəyirik. Bu il ixrac həcmini 50 milyon dollara çatdırmağı
planlaşdırırıq. Ötən il isə tədarükün həcmi təxminən 30 milyon
dollar təşkil edib”, – deyə o bildirib.

Bundan əlavə, diplomat kənd təsərrüfatı məhsulları üzrə yeni
ticarət evinin açılması planları barədə də məlumat verib. Həmin
məkanda özbək istehsalçılarının məhsulları təqdim olunacaq.




“Bir başqa layihə Ağdamda tikinti materialları üzrə ticarət
evinin yaradılması ilə bağlıdır”, – deyə Sancar Mahmudov əlavə
edib.

O vurğulayıb ki, ilkin mərhələdə ticarət evində mebel, elektrik
avadanlıqları və tikinti materialları təqdim ediləcək, sonrakı
mərhələdə isə həmin platformada sənaye kooperasiyasının inkişafı
nəzərdə tutulur.

Nəqliyyat istiqamətindən danışan müşavir Xəzərdə öz nəqliyyat
infrastrukturunun formalaşdırılmasının strateji vəzifə olduğunu
qeyd edib.

“Əsas hədəfimiz Xəzər dənizində fəaliyyət göstərəcək öz
gəmimizin olmasıdır. Mümkün satınalma məsələsi ilə bağlı Bakı
Gəmiqayırma Zavodu ilə fəal əməkdaşlıq edirik”, – deyə o
bildirib.

Onun sözlərinə görə, yaxın bir-iki il ərzində özbək donanmasının
fəaliyyətə başlaması yükdaşımaların genişlənməsinə və hər iki
ölkənin tranzit potensialının gücləndirilməsinə ciddi təkan verə
bilər.

“Hazırda layihə yekun işlənmə mərhələsindədir”, – deyə Sancar
Mahmudov yekunlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir