
Bakı. Trend:
Azərbaycan Milli İncəsənət Muzeyində mədəniyyətimizdə
əhəmiyyətli iz qoymuş, Milli incəsənət məktəbinin ən maraqlı
nümayəndələrindən biri, Xalq rəssamı Davud Kazımovun anadan
olmasının 100 illiyinə həsr olunmuş sərginin açılış mərasimi
keçirilib.
Trend xəbər verir
ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət
Yusifova, Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət
işçisi Şirin Məlikova, Nizami Gəncəvi adına Azərbaycan Milli
Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov, milli
incəsənətin korifeyi, Xalq rəssamı Ömər Eldarov, Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev və digərləri
ustadın zəngin irsindən və milli incəsənətin inkişafına verdiyi
töhfələrdən danışıblar.
Muzeyin direktoru vurğulayıb ki, rəssamın Azərbaycan
muzeylərində qorunan əsərləri arasında ən böyük kolleksiya məhz
Milli İncəsənət Muzeyinə məxsusdur. Bu sərgidə muzeyin daimi
ekspozisiyası fondlardan və şəxsi kolleksiyalardan təqdim olunan
əsərlərlə zənginləşdirilib.
Açılış mərasimində görkəmli rəssam və pedaqoqun ünvanına
çoxsaylı xoş sözlər səsləndirilib. O, təkcə tanınmış sənətkar kimi
deyil, həm də gözəl insan, səmimi dost, güclü, nəcib və xeyirxah
şəxs kimi yad edilib.
Davud Kazımovun yaradıcılığında öz dövrünün ruhu sanki güzgü
kimi əks olunur. Bununla belə, ustadın istedadı, tablolarının
enerjisi, portret əsərlərindəki canlı emosiyalar, mənzərələrindəki
xüsusi rahatlıq və zərif işıq onun sənətini bu gün də son dərəcə
müasir göstərir. Rəssam bu gün də hamı üçün çox maraqlı
şəxsiyyətdir – sərgiyə gələn və sənətkarın xatirəsini anmaq istəyən
ziyarətçilərin sayı buna əyani sübutdur.
Sərgidə nümayiş olunan natürmortlar səmimi ev ab-havası, istilik
və işıqla zəngindir. Gözəl güldanlarda güllər – qızılgüllər, zərif
çobanyastığılar, nərgizlər və tünd astra çiçəkləri, parlaq
portağallar, şaftalılar, parçalar və mis qablar… Davud Kazımov bu
mövzulara böyük həvəslə müraciət edib, onları dönə-dönə təsvir
edib. Bu əsərlərdə onun heyrətamiz ustalığı, rəng palitrasının
zənginliyi və adi predmetləri əsl şah əsərə çevirmək bacarığı aydın
hiss olunur.
Möhtəşəm mənzərələr də laqeyd qoymur. Onlarda işıq, rəng, hava
və əhval-ruhiyyə bolluğu var. Rəssamın kətanlarında meh canlanır,
çəmənliklər çiçəklənir, zirvələrdən enən soyuq duman duyulur. Davud
Kazımov öz yurdunu və təbiətini o qədər sevirdi ki, hətta gecə
vaxtı Əlhambra və Burqas küçələri təsvir olunan mənzərələrində belə
Abşeron torpağının istisini hiss etmək mümkündür.
Davud Kazımov kənd qadınlarını, onların həyat tərzini,
adət-ənənələrini, etnoqrafik xüsusiyyətlərini və milli geyimlərini
də çox təsvir edib. Bu əsərlər dövrün əlamətləri kimi maraqlıdır,
lakin ustad üçün əsas olan insandır. Son dərəcə müşahidəçi rəssamın
incə psixoloji portretləri qəhrəmanlarına elə parlaq xarakter və
emosiyalar bəxş edir ki, onları canlı və fərqli hiss edirsən. Milli
geyimli, al yaylıqlı bolqar qadının gözlərində nə qədər məna oxumaq
mümkündür!
Portretlərdən danışarkən qeyd edilməlidir ki, uşaqları təsvir
etmək olduqca çətindir. Bəzən elə olur ki, hətta böyük rəssamlar
belə onların səmimiliyini və mimikalarının ani dəyişkənliyini tam
çatdıra bilmirlər. Davud Kazımov isə oğullarının heyrətamiz uşaq
portretlərini yaradaraq, onları saf və səmimi emosiyalarla dolu
şəkildə bizə miras qoyub.
Sərgi zallarını gəzərək ekspozisiyanın ilk tablosuna yenidən
qayıtmaq olar – onun xoş enerjisi dərhal hiss olunur. Üç obrazın
hər biri son dərəcə canlı və xarakterlidir. Gözlərini bir qədər
yummuş qadın sakitcə istirahət anından zövq alır, rəfiqəsinin
baxışlarında isə dünyaya qarşı səmimi maraq duyulur. Lakin ən
təsirlisi arxası tamaşaçıya tərəf oturan oğlandır – onun duruşunda
və hərəkətində həyatın gözəlliyinə olan saf və sevincli inam aydın
hiss edilir. Onlara baxarkən insan həmin havanı dərindən udmaq və
uşaqlığın ən gözəl günlərindəki kimi yenidən xoşbəxt olmaq
istəyir.
Rəssamın oğulları atalarının xatirəsinə göstərilən ehtirama görə
iştirakçılara təşəkkür ediblər. Biz isə rəngi, işıq, hava və ruh
bayramını bizə bəxş etdiyi üçün böyük sənətkara minnətdarlığımızı
bildiririk.
Sərgi 31 mart tarixinədək davam edəcək.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az.

