
Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh
Şurasının ilk iclası keçirildi. Prezident Donald Tramp Sülh
Şurasının sədri olaraq Şuranın qətnaməsini imzaladı. Sülh Şurasının
üzvləri Şuranın fəaliyyətini təmin edəcək maliyyə bütövlüyü və
şəffaflıq prinsiplərini müəyyənləşdirən qətnaməyə səs verdilər.
Qətnamə yekdilliklə qəbul edildi. Bu, fevralın 19-da Vaşinqtonda
dünyada sülhün möhkəmləndirilməsini əsas hədəf kimi qarşıya qoyan
Sülh Şurasının ilk iclası ilə bağlı nəticələrdir. Bu günün müzakirə
mövzusu təbii ki, beynəlxalq münasibətlər sisteminin hazırda köklü
transformasiya mərhələsindən keçdiyi və mövcud qlobal idarəetmə
mexanizmlərinin yeni reallıqlara adekvat cavab vermədiyi bir
zamanda yaradılan Sülh Şurasının perspektivləridir.
Dünyada sülhün və təhlükəsizliyini yaradılması missiyasını
üzərinə götürən, bugünədək qəbul etdiyi sənədlərin icrası üçün
vahid mexanizm müəyyənləşdirməyən BMT-nin fəaliyyətsizliyi müxtəlif
çağırışları şərtləndirir. Azərbaycan bu ilin yanvarında İsveçrədə
keçirilən ənənəvi Davos Dünya İqtisadi Forumu çərçivəsində “Sülh
Şurasının Nizamnaməsi” sənədinin imzalanması mərasimində iştirak
etdi, Sülh Şurasına yaradıcı üzv statusu ilə qoşuldu. Azərbaycanın
Sülh Şurasında bu statusda təmsil olunması ölkəmizin beynəlxalq
münasibətlər sistemində artan siyasi çəkisinin və qlobal
proseslərdə etibarlı tərəfdaş kimi qəbul olunmasının
göstəricisidir. Azərbaycan hər zaman ədalətin, sülhün,
təhlükəsizliyin tərəfdarı olub, bunu ən yüksək tribunalardan bəyan
edib və bu gün də edir. Sülh, təhlükəsizlik hər bir ölkənin,
ümumilikdə regionun və dünyanın dayanıqlı inkişafında əsas
faktordur. Reallıq budur ki, ənənəvi beynəlxalq təşkilatlar və
təsisatlar dünya ictimaiyyətinin üzləşdiyi təhlükəsizlik və
humanitar problemləri həll etmək iqtidarında deyillər. Hazırda
dünyada 60-dan artıq münaqişə ocağının mövcudluğu, o cümlədən
Qəzzada baş verən hadisələr və Rusiya-Ukrayna müharibəsinin davam
etməsi beynəlxalq mexanizmlərin iflasını bir daha təsdiqləyir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan 30 il dünyadan
ədalət gözlədi. Halbuki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində
Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni
silahlı birləşmələrinin bu əraziləri qeyd-şərtsiz tərk etmələrinin
vacibliyi öz əksini tapmışdı. Bu qətnamələrin qəbulunda iştirak
edən və imzaları ilə təsdiqləyən dünya gücləri işğalçının öz adı
ilə çağrılmasının guya problemin həllinə mənfi təsir göstərəcəyini,
birtərəflilik kimi dəyərləndiriləcəyini bəhanə gətirərək keçmiş
münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək
məqsədilə yaradılan və tarixin arxivinə atılan ATƏT-in Minsk
qrupunun həmsədrləri kimi seyrçi mövqedə dayanmağa daha çox
üstünlük verdilər. Çünki onları məsələnin həlli deyil, problemin
dondurulması düşündürürdü. Azərbaycan 2020-ci ildə baş verən 44
günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə ədaləti bərpa
etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra
etdi. Azərbaycan bu Zəfəri ilə bəzi dünya güclərinə sübut etdi ki,
ədalət və beynəlxalq hüquq meyarları mövcuddur, sadəcə onların
tətbiqi üçün vahid mexanizm yoxdur. Ədalətin, beynəlxalq hüququn
maraqlara qurban verilməsi nəinki keçmiş Qarabağ münaqişəsinin
həlli prosesinin 30 il uzanmasına, eyni zamanda, onlarla münaqişə
ocaqlarının yaranmasına səbəb oldu. Cərəyan edən proseslər fonunda
bir daha təsdiqləndi ki, Birləşmiş Millətlər Təşkilatı
münaqişələrin qarşısının alınması və həlli sahəsində yetərli siyasi
iradə və təsir imkanları nümayiş etdirmir. Qurumun mövcud
çağırışlara operativ və təsirli cavab verə bilməməsi yeni
platformaların və çoxtərəfli mexanizmlərin formalaşmasını qaçılmaz
edir. Məhz bu zərurətdən çıxış edərək Tramp Administrasiyası
tərəfindən alternativ sülh mexanizmi kimi Sülh Şurası təşəbbüsü
irəli sürüldü.
Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin
çağırışlarında bu reallıq daim önə çəkilir ki, dünyada uzun
illərdir müzakirə olunan mühüm məsələlərdən biri BMT sistemində
aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır
və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi
genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və
coğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer Qoşulmama
Hərəkatına verilməlidir və Hərəkata sədrlik edən ölkə növbəli
şəkildə bu yerə sahib olmalıdır.
Görünən budur ki, BMT Nizamnaməsində təsbit olunmuş beynəlxalq
sülhün qorunması, münaqişələrin dinc yolla həlli və dövlətlərin
suveren bərabərliyi prinsiplərinin praktikada pozulması təşkilata
olan etimadı ciddi şəkildə sarsıdır. Beynəlxalq təhlükəsizlik
arxitekturasının yenidən dizaynına və daha çevik, effektiv
mexanizmlərin yaradılmasına ehtiyac var. ABŞ Prezidenti Donald
Tramp Sülh Şurasının ilk iclasında “BMT münaqişələrin həllində
əvvəlkindən daha çox iştirak etməlidir”, “ABŞ BMT ilə çox yaxından
işləyəcək”, “Bir gün mən burada olmayacağam. Düşünürəm ki, BMT daha
güclü olacaq. Sülh Şurası demək olar ki, BMT-yə nəzarət edəcək və
onun düzgün işləməsini təmin edəcək” kimi çağırışları özündə mühüm
məqamları ehtiva edir. Sülh Şurasının gələcəyinə böyük inam ifadə
edilir.
Millət vəkili bildirib ki, Azərbaycanın beynəlxalq müstəvidə
fəal siyasət yürütməsi ölkəmizin inkişaf modeli, strateji sabitliyi
və çoxtərəfli diplomatiyaya verdiyi töhfələri ilə birbaşa bağlıdır.
Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olması ev sahibliyi etdiyi
tədbirlərdə, qlobal problemlərin həllində göstərdiyi səylərdə də
özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyev qlobal
problemlərin həllində birgə səylərin göstərilməsinin vacibliyini
bəyan etməklə yanaşı, bunu real addımları ilə təsdiqləyir.
Prezident İlham Əliyev bu günlərdə Münxen Təhlükəsizlik
Konfransının panel iclasındakı çıxışında, həmçinin müsahibələrində
bu gün Azərbaycanın əsas çağırışının məhz sülh, təhlükəsizlik və
əməkdaşlıq olduğunu bildirdi. Azərbaycanın dünyaya təqdim etdiyi
sülh modeli ölkəmizin qətiyyətli mövqeyinin, ədalətə, beynəlxalq
hüquqa söykənən siyasətinin nümayişidir. Bu fikirlər beynəlxalq
tədbirlərdə Azərbaycanın uğuru, Prezident İlham Əliyevin
liderliyinin göstəricisi kimi qeyd edilir. Ölkəmizin beynəlxalq
problemlərin qarşısının alınmasında oynadığı rol konstruktiv
yanaşma, dialoq və nəticəyönümlü diplomatiya prinsiplərinə
əsaslanır. Ölkəmizin Sülh Şurası çərçivəsində önə çıxmasının əsas
səbəblərindən biri məhz Ermənistanla sülh gündəliyinin irəli
aparılması üzrə ortaya qoyduğu nümunəvi modeldir. Məhz bu model
regionda uzun illər davam edən münaqişənin Prezident İlham Əliyevin
liderliyi ilə həll olunmasını mümkün etdi. Qlobal kontekstdə bu
təcrübə dövlətin öz suverenliyi və beynəlxalq hüquq çərçivəsində
münaqişənin həllinə nail olduğu nadir nümunələrdən biri kimi
qiymətləndirilir. Hazırda Sülh Şurasına qoşulmuş dövlətlərin sayı
28-dir. Bu rəqəmin artması istisna deyil. ABŞ Prezidenti Donald
Tramp Sülh Şurasının ilk iclasında bu çağırışı etdi ki, Sülh Şurası
istənilən ölkəyə açıqdır.
Vüqar Rəhimzadə vurğulayıb ki, Sülh Şurasında Azərbaycanın
iştirakı ölkəmizin növbəti uğuru, Prezident İlham Əliyevin dünyada
böyük nüfuzu və Ona olan hörmətin təzahürüdür. Prezident İlham
Əliyev sülh gündəliyinin müəllifidir. Tədbir zamanı Prezident
Trampın bir neçə dəfə Azərbaycan Prezidenti İlham Əliyevə xitab
etməsi bunun bariz göstəricisidir. Prezident İlham Əliyev ilə
Ermənistanın Baş naziri Nikol Paşinyanın tədbir çərçivəsində
görüşməsi və bunun ABŞ Prezidenti Donald Tramp tərəfindən qeyd
edilməsi qlobal sülhün və təhlükəsizliyin təmin olunmasında
Azərbaycanın və Prezident İlham Əliyevin rolunun göstəricisidir.
Prezident İlham Əliyev Sülh Şurasının ilk iclasından öncə Münxendə
Azərbaycan telekanallarına müsahibəsində bu təşkilatın gələcəyi ilə
bağlı sualı cavablandırarkən bildirdi ki, beynəlxalq hüquq artıq
etibarlı deyil. Ölkələr, bir çox ölkələr ona sadəcə məhəl qoymurdu.
Yalnız beynəlxalq hüquqa arxalanmaq probleminizi həll etməyəcək.
Azərbaycanın nümunəsi isə bunu həqiqətən nümayiş etdirir.
Beləliklə, yeni dünya nizamının və ya hökumətlərarası münasibətlər
üzrə yeni sistemin peyda olması, əlbəttə ki, işlənilmə mərhələsində
idi. Məsələ onda idi ki, ilk addımı atmaq üçün kim üzərinə
məsuliyyət götürəcək. Böyük gələcəyi olan təşkilatın – Sülh
Şurasının yaradılması təşəbbüsü ilə çıxış etməklə Prezident Donald
Tramp böyük bir iş gördü. Prezident İlham Əliyev onu da vurğuladı
ki, Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə
düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə
bilməyəcək. Alternativ də yoxdur. Biz birgə fəaliyyət zamanı daha
çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı “kim
güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir. Yeni dünya nizamı
sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni
mexanizmləri deməkdir.

