
Bakı. Trend:
Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab
görüşləri keçirilib.
Trend xəbər verir ki, cavab
oyunlarında ilk gedişi rəmzi olaraq gənclər və idman naziri Fərid
Qayıbov edib.
Şəhriyar Məmmədyarov-Məhəmməd Muradlı mübarizəsində cavab oyunu
həlledici olub. Ağ fiqurlarla çıxış edən Məhəmməd Muradlı gərgin
görüşdə qalib gəlib. İki görüşün yekun nəticəsinə əsasən 1,5-0,5
hesabıyla qələbə qazanan Məhəmməd Muradlı Azərbaycan çempionu
tituluna sahib çıxıb.
Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov ardıcıl ikinci il
finalda uduzaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, digər görüşlər hazırda davam edir.

