
Bakı. Trend:
21–22 fevral tarixlərində Milli Gimnastika Arenasında batut
gimnastikası və tamblinq üzrə Dünya kuboku keçirilir.
Trend xəbər verir ki, yarışda
6 ölkədən ümumilikdə 66 gimnast iştirak edir.
Batut gimnastikası üzrə idmançılar fərdi (qadınlar və kişilər),
sinxron (qadınlar və kişilər) və qarışıq sinxron proqramlarda
qüvvələrini sınayırlar.
Yarışın ilk günündə təsnifat mərhələsi, ikinci günündə isə final
çıxışları baş tutacaq.
Azərbaycanı batut gimnastikası üzrə Maqsud Mahsudov, Hüseyn
Abbasov, Fərhad Vəliyev, Nicat Mirzəyev, Selcan Mahsudova, Şəfiqə
Hümbətova, İbrahim Mustafazadə və Ayan Şabanova, Tamblinq üzrə isə
Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov təmsil
edirlər.
Təsnifat mərhələsinin nəticələrinə əsasən, batut gimnastikası
üzrə fərdi proqramda Selcan Mahsudova və Maqsud Mahsudov, qarışıq
sinxron proqramda Maqsud Mahsudov – Selcan Mahsudova cütlüyü,
sinxron qadınlar proqramında Selcan Mahsudova – Şəfiqə Hümbətova,
sinxron kişilər proqramında isə Maqsud Mahsudov – Hüseyn Abbasov
cütlüyü final mərhələsinə vəsiqə qazanıb.
Tamblinq üzrə Tofiq Əliyev və Mixail Malkin də final
mərhələsində çıxış etmək hüququ əldə ediblər.
Foto: Arif Quluzadə

