
Bakı. Trend:
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə
nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı
general-leytenant Namiq İslamzadə HHQ-nin bölmələrində olublar.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, şəxsi heyətlə görüşdə
müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi
altında ölkəmizin müdafiə qüdrətinin gündən-günə daha da
gücləndiyini vurğulayıb. Qarşıya qoyulan tapşırıqların vaxtında və
dəqiq icrasının təmin edilməsi istiqamətində Hava Döyüş
Komandanlığına müvafiq göstərişlər verib.
Müdafiə nazirinə hərbi hissədə mövcud olan yataqxana, yeməkxana
və tibb məntəqəsi təqdim edilib. General-polkovnik Z.Həsənov hərbi
qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qida
normalarına riayət olunması, sanitariya-gigiyena qaydalarının təmin
edilməsi ilə bağlı müvafiq tövsiyələr verib.
Həmçinin, ərazidə abadlıq, yaşıllaşdırma tədbirləri çərçivəsində
xatirə ağacları əkilib və şəhid ailəsi ilə görüş keçirilib. Müdafiə
naziri onların qayğıları ilə maraqlanıb, zəruri köməklik
göstərilməsi barədə aidiyyəti şəxslərə tapşırıq verib. Şəhid ailəsi
və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də
şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğuna görə
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər.

