Ağdərə rayonuna daha 293 nəfər qayıtdı (FOTO) (YENİLƏNİB)

Baş səhifə

Ağdərə. Trend:

Fevralın 23-də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən
“Böyük Qayıdış” proqramı çərçivəsində növbəti köç mərhələsi
reallaşıb.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, bu gün Ağdərə rayonunun dörd yaşayış məntəqəsinə ümumilikdə
293 nəfərdən ibarət 63 ailə qayıdıb.

Bu mərhələdə Çıldıran kəndinə 46 nəfər (10 ailə), Çapar kəndinə
22 nəfər (7 ailə),Aşağı Oratağ kəndinə 141 nəfər (29 ailə), Heyvalı
kəndinə isə 84 nəfər (17 ailə) köçürülüb. Köç Prosesi planlı
şəkildə davam etdirilir və sakinlərin dayanıqlı məskunlaşması üçün
zəruri infrastruktur təmin olunur.

Ağdərədə mənzillərin açarlarının təqdimat mərasimində çıxış edən
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan
Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi
Qəhrəmanov bildirib ki, rayon ərazisində genişmiqyaslı bərpa və
yenidənqurma işləri davam etdirilir. Fərdi yaşayış evləri əsaslı
şəkildə bərpa olunur, yeni sosial obyektlər inşa edilir, təhsil və
səhiyyə müəssisələri yenidən qurulur, kəndlərdə müasir kommunal
infrastruktur yaradılır.

S. Qəhrəmanov onu da vurğulayıb ki, sosial infrastrukturun tam
yenilənməsi sakinlərin rahat, təhlükəsiz və layiqli yaşayışının
təmin olunmasına xidmət edir. Eyni zamanda, doğma torpaqlarına
qayıdan vətəndaşların məşğulluq məsələləri də daim diqqət
mərkəzində saxlanılır, ehtiyacı olan ailələrin dövlət və özəl
sektor üzrə işlə təminatı istiqamətində müvafiq tədbirlər
görülür.

Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində rayonun
sosial-iqtisadi dirçəlişi istiqamətində tədbirlər mərhələli şəkildə
davam etdirilir.

xxx




11:46

Ağdərə rayonunun yenidən bərpa olunan 4 yaşayış məntəqəsinə
növbəti köç karvanları yola salınıb.

Trend-in
Qarabağ bürosu xəbər verir ki, növbəti köç karvanları Ağdərə
rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinin
keçmiş məcburi köçkün sakinləridir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış dövlət proqramı çərçivəsində Ağdərə
rayonunun qayıdan ailələr respublikanın müxtəlif yerlərində, əsasən
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdərənin Çıldıran kəndinə 10 ailə, 46 nəfər, Aşağı
Oratağ kəndinə 29 ailə, 141 nəfər, Heyvalı kəndinə 17 ailə, 84
nəfər və Çapar kəndinə isə 7 ailə, 22 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli
Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən
şəhidlərimizə rəhmət diləyiblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir