Ceyhun Bayramov qambiyalı həmkarı ilə telefon danışığı apardı

Baş səhifə

Bakı. Trend:

23 fevral tarixində Azərbaycan Respublikasının xarici işlər
naziri Ceyhun Bayramov ilə Qambiya Respublikasının xarici işlər,
beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Serinq
Modou Njie arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, telefon danışığı
zamanı Azərbaycan ilə Qambiya arasında mövcud ikitərəfli
münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə
olunub.

Ötən ilin sentyabr ayında imzalanmış “Siyasi məsləhətləşmələr
haqqında Anlaşma Memorandumu”na uyğun olaraq, iki ölkənin Xarici
İşlər Nazirlikləri arasında qısa müddət ərzində siyasi
məsləhətləşmələrin keçirilməsinin önəmi vurğulanıb.

Nazirlər siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı
səfərlərin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın
genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Tərəflər İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin
qarşıdan gələn sədrliyi, eləcə də bu çərçivədə keçiriləcək mötəbər
tədbirlərə hazırlıq planları ətrafında fikir mübadiləsi aparıblar.
Bununla yanaşı, ölkəmizdə bu il keçiriləcək Ümumdünya Şəhərsalma
Forumu barədə qarşı tərəfə məlumat verilib.

Telefon danışığı zamanı regional və beynəlxalq təhlükəsizlik
məsələləri, habelə digər qarşılıqlı maraq doğuran mövzular
ətrafında fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir