
Bakı. Trend:
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC böhran
vəziyyətlərində rabitə infrastrukturunun fasiləsizliyinin təmin
edilməsinə yönəlmiş “Böhran İdarəetmə Qrupu” (BİQ) layihəsinin
növbəti mərhələsinə start verib. Layihə çərçivəsində milli
səviyyədə koordinasiyalı fəaliyyət mexanizmlərinin
təkmilləşdirilməsi və telekommunikasiya şəbəkəsinin davamlılığının
artırılması əsas prioritetlər kimi müəyyən edilib.
Növbəti mərhələnin icrası ilə bağlı “Azercell”in təşəbbüsü
əsasında Azərbaycan Respublikasının Kosmik Agentliyi və “Aztelekom”
MMC nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirilib. Görüş
zamanı layihənin mərhələli icra planı təqdim olunub, yol xəritəsi
üzrə nəzərdə tutulan fəaliyyət istiqamətləri müzakirə edilib və
tərəfdaşlar arasında koordinasiyanın daha da gücləndirilməsi
məsələləri diqqət mərkəzində olub.
“Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı ilə icra olunan BİQ
layihəsi ölkədə regional resursların idarə edilməsi prosesinin
formalaşdırılmasına yönəlib. Eyni zamanda, təşəbbüs böhran və
fövqəladə hallarda rabitə xidmətlərinin operativ bərpasını təmin
edən mexanizmlərin tətbiqini nəzərdə tutur və qəza-bərpa
tədbirlərinin çevik, planlı şəkildə icrası üçün hazırlıq
səviyyəsini artırır.
BİQ çərçivəsində yaradılan əməkdaşlıq modeli müxtəlif qurumlar
arasında operativ informasiya mübadiləsini və resursların effektiv
bölüşdürülməsini təmin etməklə telekommunikasiya infrastrukturunun
dayanıqlılığını gücləndirir.
Qeyd edək ki, layihənin ilkin mərhələsi 2024-cü ildə uğurla
tamamlanıb. Bu mərhələdə operativ böhran idarəetmə qrupları
formalaşdırılıb, regionlarda simulyasiya testləri keçirilib və
rabitə xidmətlərinin bərpa müddətinin optimallaşdırılması
istiqamətində əhəmiyyətli nəticələr əldə olunub.

