
Bakı. Trend:
Azərbaycan Prezidenti “Əmək Məcəlləsi”ndə dəyişiklikləri təsdiq
edib. Yeni dəyişikliklərə əsasən, minimum əmək haqqı məbləğinə ildə
ən azı bir dəfə baxılacaq. Bu, o deməkdir ki, yeni dəyişiklik ilə
minimum əmək haqqı artımında dövrülük təmin olunacaq. Bu artımların
həmçinin qanunla tənzimlənməsi anlamına da gəlir.
Trend xəbər
verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə
hesabındakı paylaşımında dəyişiklikləri şərh edib.
“Minimum əmək haqqındakı mütəmadi artım sadəcə aşağı maaş
alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün
pillələri üzrə əməkhaqlarında artımları təmin edir. Belə ki, dövlət
büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq
tarif (vəzifə) maaşları minimum əmək haqqı artırılandan bir ay
müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial,
elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və
ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə,
meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan
dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları
daxildir.
Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan
vətəndaşlarımızın əmək haqqları VTC əsasında dövlət büdcəsindən
maliyyələşdirilir. Cədvəldə maaşlar 19 dərəcə üzrə
müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150
manatdır. Minimum əmək haqqının dövrü olaraq artırılması paraktik
olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək
haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm
daşımır.
Minimum əmək haqqında gözlənilən artımlar həm dövlət, həm özəl
sektorda maaş artımlarına səbəb olacaq. Belə ki, hər iki sektorda
minimum əmək haqqından az maaş təklif etmək qanunvericiliklə
qadağandır. Bütövlükdə, minimum əmək haqqının artırılması 700 min
vətəndaşımızın maaşlarının artmasına səbəb olur”.

