Hansı xroniki xəstələr oruc tutmamalıdır? – Mütəxəssis-ekspertdən açıqlama

Baş səhifə

Bakı. Trend:

Ramazan orucu zamanı uzunmüddətli aclıq və susuzluq bəzi xroniki
xəstəliklər üçün ciddi risk yarada bilər.

Trend xəbər verir ki,Bu
fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə
Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov
açıqlayıb.

Onun sözlərinə görə şəkərli diabetin, xüsusilə insulinlə müalicə
olunan formaları risk qrupuna daxildir:

“Tez-tez hipoqlikemiya yaşayan diabet xəstələrində oruc
təhlükəli ola bilər. Dərmanlarla çətin tənzimlənən arterial
hipertenziya oruc zamanı ağırlaşa bilər. Ürək çatışmazlığı olan
xəstələrdə maye balansının pozulması riski yüksəkdir. Bundan əlavə,
yaxın zamanda infarkt keçirmiş şəxslərə oruc tövsiyə edilmir. Ürək
ritm pozğunluğu olan xəstələrdə elektrolit dəyişiklikləri problem
yarada bilər. Xroniki böyrək çatışmazlığı, xüsusilə irəliləmiş
mərhələdə olan xəstələr üçün risklidir”.




Mütəxəssis-ekspert bildirib ki, dializ alan xəstələr oruc
tutmamalıdır:

“Həmçinin qaraciyər sirrozu olan xəstələrdə aclıq metabolik
pozğunluqlara səbəb ola bilər. Aktiv hepatitlər zamanı oruc
vəziyyəti ağırlaşdıra bilər, mədə və onikibarmaq bağırsaq xorasının
aktiv dövrü risklidir. Xroniki qastrit və reflüks xəstələrində də
bu zaman şikayətlər arta bilər. Bronxial astmanın ağır formalarında
oruc tutmaq problem yarada bilər. Xroniki ağciyər xəstəliyi olan və
oksigenə ehtiyacı olan xəstələr Ramazan ayında ehtiyatlı
olmalıdır”.

N.Məhərrəmov vurğulayıb ki, epilepsiya xəstələrində dərman
qəbulunun gecikməsi tutmaları artıra bilər:

“Parkinson və digər nevroloji xəstəliklərdə dərman rejimi pozula
bilər. Onkoloji xəstələrdə ümumi vəziyyətə görə fərdi qərar
verilməlidir. Anemiyası olan insanlarda Oruc tutan zaman
başgicəllənmə və ürəkbulanma ola bilər. Hamilələr, yanaşı xroniki
xəstəliyi olan qadınlar risk altındadır. Bu səbəbdən hər bir
xroniki xəstə üçün oruc tutmaq fərdi şəkildə
qiymətləndirilməlidir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir