
Bakı. Trend:
Böyük Britaniya su sahəsində Azərbaycanla əməkdaşlıq etməyə
hazırdır.
Trend xəbər verir
ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin
nümayəndəsi Elvin Raziyev bu gün Bakıda keçirilən “Azərbaycanda su
təhlükəsizliyi: tənzimləmə, risklər və məsuliyyətli biznes
fəaliyyəti” mövzusunda dəyirmi masada çıxışında deyib.
“Olkələrimizin hər ikisi oxşar su problemləri ilə üzləşir:
aşınmış infrastruktur, artan tələbat, daşqın riskləri və suyun
təmizlənməsi sistemlərinin modernləşdirilməsi zərurəti. Bu ortaq
çağırışlar əməkdaşlıq üçün real imkanlar yaradır. Böyük Britaniya
ekspertiza, innovasiyalar və konkret layihələrin
maliyyələşdirilməsi vasitəsilə su sektorunda Azərbaycanla işləməyə
hazırdır”,- deyə o bildirib.
Raziyev qeyd edib ki, Böyük Britaniya ilə Azərbaycan arasında
münasibətlər hazırda tarixinin ən güclü mərhələsini yaşayır. Ötən
il tərəflər əməkdaşlığın enerji, əlaqəlilik, infrastruktur və
innovasiya sahələrində genişləndirilməsinə xüsusi diqqət
yetirilməklə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə
yüksəldilməsi barədə razılığa gəliblər. Onun sözlərinə görə, su
sektoru da əməkdaşlıq üçün real potensiala malik sahələrdən
biridir.

