Xocalı soyqırımı qurbanları Haaqada anılıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

Niderland Krallığının Haaqa şəhərində Xocalı soyqırımı
qurbanlarının xatirəsinə həsr olunan tədbir keçirilib. Anım tədbiri
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi,
Hollanda-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə
baş tutub.

Trend xəbər
verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat
yayıb.

Bildirilir ki, tədbirdə Niderland ictimaiyyətinin nümayəndələri,
bu ölkədəki Azərbaycan və türk icmalarının təmsilçiləri, Benilüks
ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Niderland
koordinatorluğunun üzvləri iştirak ediblər.

İştirakçılar əvvəlcə “Yeni İkendinen” (Nieuw Eykenduynen)
məzarlığında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış
abidəni ziyarət edib, onların xatirəsini bir dəqiqəlik sükutla yad
ediblər.




Tədbirdə Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə,
Türkiyənin Niderlanddakı səfiri Fatma Ceren Yazğan, Türkiyə Böyük
Millət Məclisinin (TBMM) millət vəkili Şamil Ayrım, Azərbaycan
Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev,
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) İdarə
Heyətinin sədr müavini Pərviz Məmmədzadə, Haaqa şəhər
bələdiyyəsinin sədr müavini Saskia Bruines, Bart ten Broek,
Benilüks Azərbaycanlıları Konqresinin sədri, Benilüks ölkələri üzrə
Azərbaycanlıların Koordinasiya Şurasının Niderland üzrə
koordinatoru Elsevər Məmmədov və Hollanda-Azərbaycan Türk
Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın çıxış edib.

Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Azərbaycan xalqına və bütövlükdə insanlığa qarşı törədilən Xocalı
soyqırımından 34 il ötsə də bu faciənin unudulmadığı qeyd olunub.
Həmin gecə dinc əhaliyə qarşı törədilən qətliamın tarixindən və
onun dəhşətli nəticələrindən danışılıb. 26 fevral tarixinin
Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazıldığı vurğulanıb,
Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsinin vacibliyi
diqqətə çatdırılıb.

Daha sonra “Qarabağ üzərindəki qara buludlar” kitabının
müəllifi, tədqiqatçı-yazar Henri van Rensin tədbir iştirakçılarına
müraciəti oxunub.

Tədbir çərçivəsində “Xocalı Nişanəsi” adlı qısa sənədli film
nümayiş olunub. Hollanda-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin
nəzdində fəaliyyət göstərən “Xarıbülbül” məktəbinin şagirdlərinin
Xocalı soyqırımı qurbanlarına həsr etdikləri foto-sərgi nümayiş
olunub, kamança ifaçısı Emin Sadıqlının ifasında həzin musiqilər
səsləndirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir