
Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gəncə və Şəki
şəhərlərində su təchizatının yaxşılaşdırılması üzrə layihələr
həyata keçirməyi planlaşdırır.
Trend xəbər verir
ki, bunu AYİB-in Azərbaycandakı nümayəndəsi Real Hacıyev bu gün
Bakıda keçirilən “Azərbaycanda su təhlükəsizliyi: tənzimləmə,
risklər və məsuliyyətli biznes fəaliyyətləri” mövzusunda dəyirmi
masa zamanı bildirib.
Onun sözlərinə görə, Gəncə şəhərində həyata keçirilən layihə
üzrə ümumi investisiya həcmi 410 milyon avro təşkil edir.
“Layihə çərçivəsində su təchizatı sistemləri, suyun toplanması
və təmizlənməsi qurğuları, eləcə də yağış sularının idarə olunması
üçün infrastruktur yaradılacaq. Gəncə layihəsi üzrə artıq 35 milyon
avro məbləğində maliyyə sənədləri imzalanıb, bu il ərzində əlavə
120 milyon avronun rəsmiləşdirilməsi gözlənilir”, – o bildirib.
Onun sözlərinə görə, AYİB həmçinin Şəki şəhərində və ətraf
kəndlərdə su infrastrukturunun yaxşılaşdırılması layihəsini həyata
keçirməyi planlaşdırır. Hacıyev qeyd edib ki, ümumi investisiya
məbləği təxminən 95 milyon avro təşkil edir və bunun 57 milyon
avrosunun cari ildə rəsmiləşdirilməsi planlaşdırılır.
Bank nümayəndəsi vurğulayıb ki, fiziki investisiyalar su
itkilərinin azaldılmasını, tullantı sularının təmizlənməsi və
təkrar istifadəsini, eləcə də mövcud su ehtiyatlarından səmərəli
istifadəni təşviq edən effektiv siyasətlə müşayiət olunmalıdır. O
qeyd edib ki, özəl sektor da zəruri təcrübə və ekspertizanı təmin
etməlidir.

