
Bakı. Trend:
Azərbaycan və İran enerji layihələrinin icrası ilə bağlı
müzakirələr aparıblar.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.
“İran İslam Respublikasının yol və şəhərsalma naziri,
Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə
Komissiyasının həmsədri Fərzanə Sadiqlə görüşdə birgə enerji
layihələrinin icrası ilə bağlı müzakirələr apardıq”, – paylaşımda
qeyd edilib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə,
2025-ci ildə Azərbaycandan İran İslam Respublikasına 37,230 milyon
kVt/saat həcmində elektrik enerjisi ixrac edilib. Bu həcmdə
elektrik enerjisinin ixracından əldə olunan gəlir 1,058 milyon ABŞ
dolları olub.
İrana elektrik enerjisi ixracı 2024-cü ildəki göstərici ilə
müqayisədə həcm ifadəsində 813 min kVt/saat və ya 2,2%, dəyər
ifadəsi ilə isə 23 min ABŞ dolları, yaxud 2,2% artıb.
Eyni zamanda, 2025-ci ildə İrandan Azərbaycana 980 min ABŞ
dolları dəyərində, 34,506 milyon kVt/saat həcmində elektrik
enerjisi ixrac edilib.
Bu göstərici 2024-cü illə müqayisədə dəyər ifadəsində 13 min ABŞ
dolları və ya 1,3%, həcm ifadəsində isə 449 min kVt/saat və ya 1,3%
azdır.

