
Bakı. Trend:
Toy və yas mərasimlərində şəxsin arzuolunmaz vəziyyətdə çəkilmiş
təsvirinin sosial şəbəkələrdə tirajlanması şəxsiyyət hüquqlarına
müdaxilə hesab ediləcək.
Trend xəbər
verir ki, bu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
“Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il
tarixli qərarında qeyd olunub.
Bildirilib ki, açıq və qapalı məkanlarda keçirilən kütləvi
tədbirlərdə (yığıncaqlar, qurultaylar, konfranslar, konsertlər,
tamaşalar, idman yarışları, toy və yas mərasimləri və s.) digər
qanunla qadağan olunmayan məqsədlərlə çəkilişlərin aparılmasına,
habelə yayılmasına şəxslərin razılığı tələb olunmur.
Lakin kütləvi tədbirlərdə konkret şəxsin onun üçün açıq-aydın
arzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin əsas obyekt kimi
yayılması, habelə şərəf və ləyaqətini alçaldan tərzdə, yəni
istehzalı, zarafat və ya lağ konteksində sosial şəbəkələr və ya
digər vasitələrlə tirajlanması şəxsiyyət hüquqlarına hüquqazidd
müdaxilə hesab ediləcək.

