
Bakı.Trend :
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları
narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti
əməliyyatlar həyata keçiriblər. Tədbir zamanı əvvəllər məhkum
olunmuş paytaxt sakini, 61 yaşlı Elman İmanov saxlanılıb. Onun
üzərindən 4 kiloqram 745 qram marixuana aşkar edilərək
götürülüb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilir ki, şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat
zamanı isə əvvəllər məhkum olunmuş 39 yaşlı Taleh Bağırov
narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün
saxlanılıb. Ondan satış məqsədilə qablaşdırılmış, ümumi çəkisi 8
kiloqram 413 qram olan heroin, tiryək, marixuana və psixotrop maddə
— metamfetamin aşkarlanaraq götürülüb.
Müəyyən edilib ki, E. İmanov və T. Bağırov şəxsiyyəti istintaqla
araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik
vasitələri müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

