
Bakı. Trend:
Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza
üsulları ilə bəşər tarixində misli görünməmiş vəhşilik aktıdır.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni
qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə
siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar
arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir.
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi
yalnız Holokost soyqırımı kimi bəşər tarixinə düşmüş qanlı faciə
ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu soyqırımı
təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı
yönəlmiş ən ağır cinayətlərdəndir. Faciə günü Xocalı şəhərini tərk
edən əhali ermənilər tərəfindən pusquya salınaraq qətlə yetirildi
və girov götürüldü. Amansız hücum başladıqdan sonra Xocalıda qalan
2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın
məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdi. Əsasən qadın
və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda təqibdən
gizlənən zaman donvurma nəticəsində həlak oldular. Bu soyqırımı
nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla 613 nəfər
öldürüldü. 8 ailə tamamilə məhv edildi. 56 nəfər xüsusi qəddarlıqla
öldürüldü. 487 insan əlil oldu, 1275 insan əsir götürüldü. 1165
nəfəri daha sonra girovluqdan azad etmək mümkün olub. 150 nəfərin
taleyi barədə indiyə kimi heç bir məlumat yoxdur.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.
Milli Məclisin deputatı vurğulayıb ki, Xocalıya qədər də
ermənilər Qarabağda azərbaycanlılara qarşı kütləvi qırğınlar
törətmişdilər: “Belə ki, 1991-ci ilin oktyabr ayının sonundan
Xocalıya gedən bütün avtomobil yolları bağlanmış və şəhər
mühasirəyə alınmışdı. Yanvar ayından Xocalıya elektrik enerjisi də
verilmirdi. Bu yaşayış məntəqəsinin Azərbaycanın digər bölgələri
ilə bütün əlaqələri kəsilmişdi, yeganə nəqliyyat vasitəsi yalnız
vertolyot idi. 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan Mİ-8
vertolyotu Xəlfəli kəndinin üzərində Xankəndi istiqamətindən atılan
raketlə partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41
sərnişin həlak oldu. 1991-ci ilin sonunda Qarabağın dağlıq
hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ,
İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu kəndləri,
Kərkicahan qəsəbəsi və digər strateji əhəmiyyətə malik yaşayış
məntəqələrimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan
edildi. 1992-ci il fevralın 12-də Şuşanın Malıbəyli və Quşçular
kəndlərində törədilmiş qarət və qırğınlar nəticəsində təkcə
Malıbəyli kəndində 50 nəfər öldürüldü, onlarla insan yaralandı və
girov götürüldü. Həmin il fevralın 17-də Ermənistan silahlı
qüvvələri və Xankəndidəki 366-cı motoatıcı alayı Xocavənd rayonunun
Qaradağlı kəndində törətdiyi qırğın nəticəsində kəndin hər 10
sakinindən biri şəhid olub. 104 nəfər və müdafiə dəstəsinin 15 üzvü
əsir götürülüb, onlardan 80 nəfəri qətlə yetirilib. Öldürülənlərdən
10-u qadın, 8-i uşaqdır. Ümumilikdə, Qaradağlı 1988-1992-ci illərdə
305 dəfə düşmən hücumuna məruz qalmışdı. Bu, Xocalı faciəsinə
aparan yolun başlanğıcı idi. Qaradağlı faciəsinə amansızlığın
miqyasına görə “ikinci Xocalı” da deyirlər. Bunlar tariximizin
faciəli səhifələridir. Onlar unudulmamalı və gələcək nəsillərə
çatdırılmalıdır. Başımıza gətirilən bu faciələr xalqımızı heç zaman
sındırmadı, iradəmizə heç bir təsir göstərmədi. Əksinə daha da
bütövləşdik, mətinləşdik, gücləndik”.
Vüqar Rəhimzadə qeyd edib ki, 1993-cü ildə Ulu Öndər Heydər
Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra
Azərbaycanın həyatında yeni bir mərhələ başladı: “Bu qayıdış
Azərbaycanın bütün sahələrdə uğurlu inkişafına yol açdı, Azərbaycan
yenidən quruldu. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə
rəhbərlik edənlərin yarıtmaz siyasəti, şəxsi ambisiyalarını dövlət
maraqlarından üstün tutmaları nəticəsində baş verən təhlükələrin,
faciələrin qarşısı alındı, həqiqətlərimizin, o cümlədən XX əsrin ən
dəhşətli soyqırımı aktı olan Xocalı qətliamının əsl mahiyyətinin
beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar
atıldı. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın
24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında”
qərar qəbul etdi. Ümummilli Liderin 25 fevral 1997-ci il tarixli
Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək
məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan
ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram
əlaməti olaraq sükut dəqiqəsi elan edildi”.
Millət vəkili bildirib ki, son 22 ildən artıq dövrdə Prezident
İlham Əliyev Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətin
geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin
prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib: “Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu
Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması
istiqamətində ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə
başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə
təbliğat işini daha da gücləndirib. Belə ki, kampaniya bir çox
ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və
115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial
şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr,
konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın
məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil
edir. “Xocalıya ədalət” kampaniyasının strateji məqsədləri Xocalı
soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və
siyasi qiymətin verilməsi, Ermənistan hökuməti tərəfindən Xocalı
soyqırımına görə rəsmi üzr istənilməsi, vurulmuş ziyana görə tam
olaraq kompensasiyanın ödənilməsi, müvafiq cinayətlərin
törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması,
Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının
artırılması, faciə qurbanlarının xatirəsinin yad edilməsi, sağ
qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda
yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasıdır”.
Vüqar Rəhimzadə vurğulayıb ki, həqiqətlərimizin təbliği
istiqamətində atılan addımların nəticəsidir ki, Xocalı soyqırımı
ilə bağlı artıq 18 ölkənin qanunverici orqanı, həmçinin ABŞ-ın 24
ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir: “20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam
Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının
39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi
tanıyan qətnamə qəbul edilmişdir. 2013-cü ilin fevral ayında
Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında
qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının
tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılıb. Hazırda
xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə
ucaldılmış 10 abidə mövcuddur. Dövlət başçısı İlham Əliyevin
“Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin
yaradılması haqqında” Sərəncamı, 2024-cü ilin 26 fevral tarixində
Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin təməlqoyma
mərasiminin keçirilməsi də bu məqsədə xidmət edir. Memorialda faciə
ilə bağlı sənədli filmlər, Xocalı həqiqətləri barədə
videomateriallar nümayiş olunacaq. Eyni zamanda, Xocalının işğaldan
azad olunması və cinayətkarların cəzalandırılması istiqamətində
görülən tədbirlər barədə məlumatlar yer alacaq”.
Milli Məclisin deputatı qeyd edib ki, 2020-ci il sentyabrın
27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi erməni
vəhşiliyinin təqdimatında öz sözünü dedi: “Döyüş meydanında
Azərbaycan əsgərinin qarşısında aciz qalan Ermənistan silahlı
qüvvələri hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda yerləşən
yaşayış məntəqələrimizi raket atəşinə tutdu. Nəticədə aralarında
uşaqların, qadınların da olduğu dinc sakinlər həlak oldu. Gəncəyə,
Bərdəyə, Tərtərə, Naftalana və digər yaşayış məntəqələrimizə atılan
raketlər erməni faşizminin nə qədər təhlükəli olduğunu bir daha
göstərdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyevin rəhbərliyi ilə 44 gündə Zəfər tarixini yazdı.
Torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa olundu.
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı
Qüvvələrinin həyata keçirdiyi lokal xarakterli antiterror
tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi,
Azərbaycanın həyatında yeni dövr başladı. Dövlət başçısı, Müzəffər
Ali Baş Komandan İlham Əliyev 2023-cü ilin 15 oktyabr tarixində
Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə
ucaltdı. Azərbaycan bu Zəfərləri ilə yeni reallıqlar yaratdı.
Hazırda bu reallıqlar əsasında azad edilmiş ərazilərdə
bərpa-quruculuq işləri aparılır, eyni zamanda, regionda dayanıqlı
sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan sülh
gündəliyinin müəllifi kimi diqqətdədir. Bu gün bütün azad edilmiş
torpaqlarımız, o cümlədən Xocalı həyatının yeni dövrünü yaşayır.
2024-cü il mayın 28-də Xocalı şəhərinə ilk köç karvanı yola
salındı. Bu qayıdış hər birimizdə böyük qürur hissi yaratdı. Dövlət
başçısı İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları
Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər. Prezident
İlham Əliyev həmin görüşdə bir daha bildirdi ki, bu gün bax, burada
– Xocalıda, – cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda, –
görüşməyimiz əlbəttə ki, xüsusi məna daşıyır. Məhz Müstəqillik
Günündə mən sizinlə yenidən görüşmək istəmişəm. Üç ay bundan əvvəl
– fevralın 26-da hər birimiz üçün faciəli gündə Xocalıda Memorial
Kompleksin təməlini qoyduq. Bu gün isə artıq xocalılılar qayıdır və
şəhər də göz oxşayır.
Xocalı şəhəri və rayonun kəndlərinin məskunlaşması davam edir.
2026-cı il 19 yanvar tarixinə qədər Xocalı şəhəri və kəndlərinə 881
ailə, 3.602 nəfər köçürülüb. Ötən il dövlətimizin başçısı Xocalı
rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd
kəndlərinin sakinləri ilə görüşdü və bir daha vurğuladı ki, siz və
sizin davamçılarınız doğma Qarabağ diyarında artıq əbədi
yaşayacaqsınız. Bu, ədalətin təntənəsidir. Biz ədaləti bərpa etdik,
ilk növbədə, öz haqqımızı bərpa etdik, erməni işğalına son qoyduq.
Uzun illər köçkün həyatı yaşamış insanlar ən gözəl şəraitə
layiqdirlər: “Mən xatırlayıram, o vaxt işğal dövründə köçkünlərlə
çoxsaylı görüşlərimdə deyirdim ki, sizin üçün dövlət şərait
yaratmağa çalışır və biz bunu etmişdik. Təqribən 300 minə yaxın
keçmiş köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin
edilmişdi. Ancaq hər dəfə çadır şəhərciyinin açılışında deyirdim
ki, bu, müvəqqəti yaşayış yeridir. Qarabağ azad olunandan sonra
sizin üçün Qarabağda daha gözəl şərait yaradacağıq, o da oldu.
Əlbəttə ki, bütün dünya bu gün Azərbaycan haqqında danışır. Öz
doğma torpağı uğrunda Azərbaycan qədər vuruşan, döyüşən, qan tökən,
şəhid verən və qalib gələn ikinci ölkə yoxdur”.

