
Bakı. Trend:
Aynur Günəşli Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri
doktoru Sərxan Xavərinin 2 fevral 2026-cı il tarixli təqdimatı
əsasında həmin şöbənin müdirinin müavini vəzifəsinə təyin olunub.
Təyinatdan dərhal sonra Aynur Günəşli Elm və təhsil şöbəsinin 15
nəfərdən ibarət olan əməkdaşlarına təqdim edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq AMEA Elm və təhsil
şöbəsindən açıqlama verilib.
Bildirilir ki, Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasının
“rəhbəri” olduğu dövrdə 24 aprel 2021-ci ildən 25 noyabr 2022-ci
ilədək AMEA Rəyasət Heyətinin Aparat rəhbərinin köməkçisi
vəzifəsini daşıyıb ki, bunun da cəmisi 9 ayı (19 fevral 2022-ci
ilədək) həmin mərhələyə aiddir”:
“Sosial şəbəkələrdə AMEA-da Ramiz Mehdiyevin kadrına yüksək
vəzifə verilməsi ilə əlaqədar yayılmış qeyri-obyektiv məlumatlara
aydınlıq gətirilməsi üçün aşağıdakıları ictimaiyyətin diqqətinə
çatdırmağı lazım bilirik:
Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasının “rəhbəri” olduğu
dövrdə 24 aprel 2021-ci ildən 25 noyabr 2022-ci ilədək AMEA Rəyasət
Heyətinin Aparat rəhbərinin köməkçisi vəzifəsini daşıyıb ki, bunun
da cəmisi 9 ayı (19 fevral 2022-ci ilədək) həmin mərhələyə aiddir.
Tutduğu kiçik vəzifəyə görə o, hər hansı qərar qəbul etmə və ya
sosial şəbəkələrdə şişirdilmiş şəkildə deyildiyi kimi “məxfi
sənədlərin hazırlanmasında” iştirak etmək səlahiyyətinə malik
olmayıb.
AMEA Rəyasət Heyətinin Aparat rəhbəri strukturu 2022-ci ildə
ləğv edildikdən sonra Aynur Günəşli Akademiyanın Elm və təhsil
şöbəsində baş mütəxəssis kimi fəaliyyətini davam edib. Aynur
Günəşlinin adı Akademiya dairəsində heç vaxt kiminsə adamı kimi
hallanmayıb. Akademiyada o, peşəkar proqramçı, elmi hesabatların
elmmetrik qaydada rəqəmsal proqnozlaşdırılması ilə məşğul olan gənc
mütəxəssis və habelə Gənc Alim və Mütəxəssislər Şurasının
fəallarından biri kimi tanınır. 2018-ci ildən Yeni Azərbaycan
Partiyasının üzvü olan Aynur Günəşli Yasamal rayonu təşkilatının
AMEA Rəyasət Heyəti Aparatı üzrə ərazi təşkilatı sədrinin
müavinidir.
Nəsimi adına Dilçilik İnstitutunun 2015-ci ildən dissertantı
olan Aynur Günəşlinin dissertasiya işi 02 iyul 2025-ci il tarixdə
Dilçilik İnstitutunda müzakirə edilərək müdafiəyə buraxılmışdır.
Onun dissertasiya müdafiəsinin sürətləndirilməsi üçün heç vaxt
Nəsimi adına Dilçilik İnstitutuna müraciət edilməyib.
Son aylarda Aynur Günəşlinin başqa bir qurumda daha yüksək
maaşla işə dəvət alması ilə əlaqədar olaraq, Elm və təhsil şöbəsi
onun bacarıqlı və perspektivli gənc peşəkar mütəxəssis kimi
Akademiyada qalıb, öz işini davam etdirməsi arzusunu nəzərə alaraq
Akademiya rəhbərliyinə müraciət edib. Aynur Günəşli Elm və təhsil
şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavərinin 2
fevral 2026-cı il tarixli təqdimatı əsasında həmin şöbənin
müdirinin müavini vəzifəsinə təyin olunub. Təyinatdan dərhal sonra
Aynur Günəşli Elm və təhsil şöbəsinin 15 nəfərdən ibarət olan
əməkdaşlarına təqdim edilib.
Akademiyanın Rəyasət Heyəti əməkdaşlarının gözü qarşısında baş
vermiş bu reallıqlarla sosial şəbəkələrdə yayılan məlumatlar tam
təzad təşkil edir və qətiyyən həqiqəti əks etdirmir. Sosial
şəbəkələr bacarıqlı bir gənc mütəxəssisi yalan, uydurma
məlumatlarla hədəfə alıb, ona kölgə salmağa çalışmaqla yüzlərlə
başqa gənclərin də ümidlərini qırmağa xidmət edirlər”, açıqlamada
qeyd olunub.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
prezidenti, akademik İsa Həbibbəylinin Ramiz Mehdiyevin yaxın kadrı
Aynur Cavanşir qızı Günəşlini Rəyasət Heyətində Elm və Təhsil
Şöbəsinin müdir müavini vəzifəsinə gətirdiyi ilə bağlı xəbərlər
yayılmışdı.
İddiaya əsasən, iclasda bu məlumatın gizli saxlanması, mətbuata
yayılmaması tapşırılıb.

