Sahibə Qafarova TBMM-in komitə sədri Fuad Oktay ilə ikitərəfli əməkdaşlığı müzakirə etdi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan, Türkiyə və
Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu
üçtərəfli iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan
Türkiyə Respublikası Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr
komitəsinin sədri Fuad Oktay ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, görüşdə üçtərəfli görüşün əhəmiyyəti
vurğulanaraq, Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli
münasibətlərin regionda sülhə, sabitliyə, əməkdaşlığa və iqtisadi
inkişafa töhfə verdiyi bildirilib.

Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, bu gün həm
regionumuzda, həm də qlobal səviyyədə baş verən proseslər, mövcud
olan çağırışlar parlamentlərimizin xarici əlaqələr komitələrinin
birgə işinin davam etdirilməsini labüd edir. Vurğulanıb ki,
üçtərəfli parlament əməkdaşlığı çərçivəsində reallaşdırılan bu
mühüm tədbir ölkələrimiz arasında parlamentlərarası münasibətlərin
səviyyəsinin daha da artırılmasına xidmət edir.

Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay Türkiyə
Respublikası Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun
salamlarını Milli Məclisin sədrinə çatdırıb, Sahibə Qafarova onun
da salamlarını TBMM sədrinə çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan və Türkiyə arasında münasibətlərə dair
də fikirlər səsləndirilərək, bildirilib ki, ölkələrimiz arasında
əlaqələr Ümummilli Lider Heydər Əliyevin “Bir millət iki dövlət”
şüarına uyğun şəkildə inkişaf edir. Spiker Sahibə Qafarova deyib
ki, Azərbaycanla Türkiyə həm sevincli, həm də kədərli günlərdə bir
yerdə olduqlarını bütün dünyaya nümayiş etdirirlər. Vurğulanıb ki,
dövlət başçılarımızın qardaşlıq əlaqələri bu münasibətlərin
çoxşaxəli inkişafındakı ən mühüm amildir. Məhz onlar ikitərəfli
əməkdaşlığın gündəliyini müəyyən edir və bu əməkdaşlığın inkişaf
istiqamətləri üzrə müvafiq tapşırıqları verirlər.

Fuad Oktay qeyd edib ki, daha geniş regionda mövcud olan
gərginliklər fonunda qardaş ölkələrimiz arasında əməkdaşlıq
sabitlik amili kimi çıxış edir. Ölkələrimiz arasında iqtisadi
əlaqələrin mühüm əhəmiyyəti qeyd olunaraq, bu sahədə münasibətlərin
daha da dərinləşməsində parlamentlərin də rolu diqqətə çatdırılıb.
Söhbət zamanı Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri
mühüm layihələrdən bəhs edilib.

Spiker Sahibə Qafarova qeyd edib ki, dövlət başçılarının
ikitərəfli əlaqələrin inkişafına dair iradəsini parlamentlər
səviyyəsində də tam şəkildə əks etdirmək üçün bütün imkanlardan
istifadə olunur. Parlament üzvləri il ərzində çoxsaylı səfərlər,
görüşlər keçirirlər, əlaqələrin yüksək səviyyədə inkişafı üçün
bütün addımlar atılır. O cümlədən, beynəlxalq parlament
təşkilatlarında yüksək səviyyədə qarşılıqlı dəstək və birgə
fəaliyyət mövcuddur.

Görüşdə həmçinin ötən ilin avqustunda Vaşinqton Zirvə Görüşündən
sonra regionda yaranmış vəziyyət, Zəngəzur dəhlizinin fəaliyyətə
başlamasından sonra əməkdaşlıq üçün yaranacaq yeni imkanlar o
cümlədən, qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir
mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir