Latviyada Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Fevralın 23-də Azərbaycanın Latviyadakı Səfirliyinin
təşkilatçılığı ilə Riqa şəhərinin tarixi-memarlıq abidəsi olan
Kiçik Gildiyada Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş
anım tədbiri keçirilib.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirdə Latviyanın sabiq Prezidenti Valdis
Zatlers, Latviya Seyminin deputatları, diplomatik missiyaların
rəhbərləri, yerli akademik, mədəni və dini dairələrin
nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri,
eləcə də bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak
ediblər.

Tədbirin açılışında çıxış edən Azərbaycanın Latviyadakı səfiri
Elnur Sultanov 34 il əvvəl, fevralın 25-dən 26-na keçən gecə
Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı ötən əsrin ən
dəhşətli insanlıq əleyhinə cinayətlərindən biri olan Xocalı
soyqırımının törədildiyini diqqətə çatdırıb və faciə barədə ətraflı
məlumat verib.




E.Sultanov bir sıra beynəlxalq təşkilatlar və parlamentlər, o
cümlədən Latviya Seymi tərəfindən Xocalı qətliamının soyqırımı və
ya insanlıq əleyhinə cinayət olduğunu bəyan edərək pislədiyini qeyd
edib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq
maarifləndirmə kampaniyasının Xocalı faciəsi barədə məlumatlılığın
artırılmasındakı mühüm rolunu vurğulayıb.

Səfir 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror
tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyü və
suverenliyinin bərpa etməsini, o cümlədən Xocalının azad edilməsini
və müharibə cinayətkarlarının ədalət mühakiməsi qarşısına
çıxarılmasının tarixi ədalətin təcəssümü olduğunu bildirib. O,
ölkəmizin Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlərin
araşdırılması üçün qətiyyətli addımların atdığını, Xocalı
soyqırımının 34-cü ildönümü ərəfəsində erməni cinayətkarlarına
oxunmuş hökmlərin yalnız ədalətin bərpası olmadığını, həm də
günahsız Xocalı qurbanlarının xatirəsinə ehtiram əlaməti olduğunu
qeyd edib.

Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Ermənistan
münasibətlərinin normallaşdırılması məqsədilə ölkəmiz sülh
gündəliyini irəli aparmaq üzrə səylərini davam etdirir, eyni
zamanda xalqımıza qarşı törədilmiş vəhşiliklər unudulmayacaq və
Xocalı qurbanlarının əziz xatirəsi daim qəlbimizdə
yaşayacaqdır.

Anım tədbiri faciə qurbanlarının xatirəsinə həsr edilmiş klassik
musiqi proqramı ilə davam edib. Gənc azərbaycanlı musiqiçilər,
Əzizə Salahova skripkada və Nərmin Nəcəfli pianoda Azərbaycan,
Latviya və digər ölkələrin tanınmış bəstəkarlarının əsərlərini
səsləndiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir