
Bakı. Trend:
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan
tarixinin ən dəhşətli səhifələrindən biri yazıldı. Ermənistan
silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud
şəkildə pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı
alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə
qarşı misli görünməmiş qəddarlıq törətdi.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət
Həsənova deyib.
A.Həsənova bildirib ki, bu faciə yalnız bir şəhərin deyil,
bütövlükdə Azərbaycan xalqının tarixinə yazılmış ağır bir
soyqırımdır, insanlıq tarixinin qara səhifəsidir:
“Həmin gecə şəhəri tərk etməyə çalışan dinc sakinlər, o cümlədən
uşaqlar, qoclar, qadınlar qəddarcasına pusquya salındı və
amansızlıqla atəşə tutuldu, qətlə yetirildi və ya əsir götürüldü.
Şəhərdə qalan minlərlə insan qadın, uşaq və qocalardan ibarət idi.
Onların bir qismi dağlarda şaxtadan donaraq həyatını itirdi.
Rəsmi məlumatlara görə, soyqırımı nəticəsində 613 nəfər
öldürüldü. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl idi. 8 ailə
tamamilə məhv edildi, yüzlərlə uşaq valideynlərindən birini və ya
hər ikisini itirdi, yüzlərlə insan şikəst oldu və əsir götürüldü.
150 nəfərin taleyi bu günə qədər məlum deyil.
Xocalı şəhəri yerlə-yeksan edildi – minlərlə yaşayış evi,
məktəblər, mədəniyyət ocaqları dağıdıldı, tarixi abidələr və
qəbiristanlıqlar vandalizmə məruz qaldı”.
A.Həsənova vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Xocalı
faciəsini “bütün bəşəriyyətə qarşı tarixi cinayət”
adlandırmışdı:
“Ümummilli liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli
Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul
etdi.
Eyni zamanda, BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il
tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə
cəzalar haqqında” Konvensiyası soyqırımının hüquqi anlayışını
müəyyən edir. Xocalıda baş verən hadisələr həmin Konvensiyada
təsbit edilən bütün elementlərə – qəsdən öldürmə, ağır fiziki və
mənəvi zərər yetirmə, xüsusi niyyətlə milli qrupu məhv etməyə
yönəlmiş hərəkətlərə tam uyğundur.
Azərbaycanda aparılan istintaq materialları da Xocalıda mülki
əhaliyə qarşı törədilmiş cinayətlərin soyqırım tərkibli olduğunu
təsdiqləyir”.
Deputat bildirib ki, Xocalı soyqırımı bu günə qədər 18 ölkənin
parlamentləri və ABŞ-ın 24 ştatı tərəfindən tanınmışdır:
“2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilən
qətnamədə də Xocalıda törədilmiş cinayətlər soyqırım kimi
qiymətləndirilib.
“Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının
təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
olmuşdur. 2008-ci ildən fəaliyyət göstərən bu kampaniya Xocalı
həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm rol
oynayır. Yüz minlərlə insan və yüzlərlə təşkilat bu təşəbbüsə
dəstək verir”.
A.Həsənova vurğulayıb ki, 2020-ci il Vətən müharibəsində
Müzəffər Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqları
azad etdi:
“2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror
tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan
təmizləndi.
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalıda
Dövlət Bayrağını ucaltdı. Bu, təkcə siyasi hadisə deyil, həm də
tarixi ədalətin təntənəsi idi. Şəhidlərimizin qanı yerdə
qalmadı.
Hər il fevralın 26-da saat 17:00-da ölkə üzrə sükut dəqiqəsi
elan olunur. Bakıda “Ana harayı” abidəsi önündə keçirilən anım
mərasimi xalqımızın həmrəyliyini nümayiş etdirir.
2025-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Xocalı
şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması qərara
alınıb. Bu kompleks həm faciə qurbanlarının xatirəsini
əbədiləşdirəcək, həm də gələcək nəsillərə tarixi həqiqətləri
çatdıracaq.
Bu gün Xocalı şəhəri və kəndlərində həyat yenidən canlanır.
2026-cı ilin yanvar ayınadək minlərlə soydaşımız doğma torpaqlarına
qayıdıb. Bu, tariximizin faciəli səhifəsinin üzərində qurulan yeni
həyatın, dirçəlişin və ümidin simvoludur.
Xocalı soyqırımı təkcə faciə deyil – bu, ədalət uğrunda davam
edən mübarizənin adıdır. Bizim borcumuz bu həqiqətləri dünyaya
çatdırmaq, şəhidlərimizin xatirəsini daim uca tutmaq və gələcək
nəsillərə tarixi unutmamağı öyrətməkdir”.

