Bu həftə Rumıniyadakı bütün məscidlərdə cümə namazında Xocalı şəhidlərinin ruhuna dualar olunacaq

Baş səhifə

Bakı. Trend:

Buxarestdə Azərbaycanın Rumıniyadakı Səfirliyinin təşkilatçılığı
ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri
keçirilib.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirdə Rumıniyada fəaliyyət göstərən xarici
ölkələrin səfirləri və akkreditə olaunmuş diplomatik
nümayəndəliklərin əməkdaşları, Rumıniya Parlamentinin deputatları,
siyasi-ictimai, elm və mədəniyyət xadimləri, habelə Rumıniyadakı
Azərbaycan, tatar vı türk icmalarının üzvləri, iş adamları iştirak
ediblər.

Tədbirin əvvəlində mərasim iştirakçıları faciə qurbanlarının
əziz xatirəsini bir dəqiqəlik sükut ilə yad ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi
Osmanov açaraq Xocalı soyqırımı barədə məlumat verib. O,
soyqırımının dünyada tanınması və Xocalı həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövləti, o
cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə 2008-ci ildən fəaliyyət göstərən “Xocalıya ədalət!”
kampaniyası barədə danışıb. Səfir bildirmişdir ki, hazırda Xocalı
və digər azad edilmiş ərazilərin bərpası və buraya əzəli sakinlərin
qayıtması dövlət başçısı İlham Əliyevin diqqət mərkəzindədir.
Həmçinin o, soyqırımının günahkarlarının bir qisminin Azərbaycanda
qanun qarşısında layiq olduqları cəzanı aldiqlarını, məsuliyyətdən
müvəqqəti yayınanların isə bir gün erməni xalqı və Ermənistan
rəhbərliyi tərəfindən cəzalandırılacağına inandığını ifadə edib.
Cari ildə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin
imzalanacağına ümid etdiyini bildirən Q.Osmanov Cənubi Qafqazın
Şərq və Qərb arasında nəqliyyat qovşağına çevriləcəyini
vurğulayıb.

Daha sonra çıxış edən Türkiyənin Rumıniyadakı səfiri Özgür
Kıvanç Altan ölkəsinin Azərbaycana qeyd-şərtsiz dəstəyinin bundan
sonra da davam edəcəyini, 44 günlük Vətən müharibəsindəki zəfər
sayəsində Qafqazın artıq müharibələr deyil, sülh regionuna
çevrildyini vurğulayıb.




Rumıniya Parlamentinin deputatı Amet Varol çıxışında Qarabağa
səfərindən, Xocalı və Şuşaya ziyarətindən bəhs edib, Xocalı
qurbanlarının ailələrinə başsağlığı verib. O, Rumıniyanın regionda
əsas müttəfiqinin Azərbaycan olduğunu qeyd edib və ölkəsinin
regionda sülh və sabitlikdə maraqlı olduğunu nəzərə çatdırıb.

Rumıniya Müsəlmanlarının müftisi Yusuf Murat Xocalı soyqırımının
günahsız qurbanlarınn xatirəsinə dualar oxuyub, eyni zamanda bu
həftə Rumıniyadakı bütün məscidlərdə cümə namazında Xocalı
şəhidlərinin ruhuna duaların olunacağını açıqlayıb.

Rumıniyanın Azərbaycandakı ilk səfiri, professor Tasin Cemil
qaçqın düşərgələri ilə tanışlığından və acı xatirələrindən bəhs
edib, dünyanın həmin vaxt ölkəmizdə baş verən faciəyə, 1 milyon
qaçqın və məcburi köçkünün taleyinə biganə qaldığını qeyd edib.

Rumıniyada nəşr olunan “Geopolitika” jurnalının təsisçi
direktoru və baş redaktoru, tanınmış jurnalist Vasili Simileanu
qeyd edib ki, Xocalı faciəsi dünyanın digər nöqtələrində
təkrarlanması üçün beynəlxalq ictimaiyyət tərəfindən kəskin
pislənməlidir. O, dəhşətli hadisəni bəşəriyyət üçün utanc
adlandırıraq, soyqırımının törədilməsinə görə məsuliyyət
daşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb.

Sonra Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub,
həmçnin tədbir iştirakçılarına soyqırımına və ölkəmizdəki mina
probleminə həsr edilmiş fotosərgi ilə tanış olmaq imkanı yaradılıb.
Sərgini izləyənlərə səfir və əməkdaşlar tərəfindən ətraflı məlumat
verilib.

Daha sonra mərasim iştirakçıları üçün xüsusi olaraq
Azərbaycandan gətirilmiş milli şirniyyatlardan ibarət ehsan süfrəsi
açılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir