
Bakı. Trend:
Son günlər Azərbaycan Respublikası Audiovizual Şurasının rəsmi
veb-saytı, elektron poçtu və digər əlaqə vasitələri ilə
vətəndaşlardan, eyni zamanda media nümayəndələrindən şikayət və
sorğular daxil olur. Həmin müraciətlərin mövzusu bir sıra
televiziya proqramları (“Tarixin bir günü”, “Elgizlə izlə” və
sairə), onların aparıcıları və ora dəvət olunan qonaqların tənqid
olunması ilə bağlıdır. Bəzi müraciətlərdə həmin televiziya
proqramlarının və ya ümumən kanalların bağlanması tələb olunur.
Bu barədə Trend-in sorğusuna
cavab olaraq barədə Audiovizual Şuradan məlumat verilib.
Bildirilir ki, məlum olduğu kimi, Azərbaycan Respublikası
Audiovizual Şurası audiovizual media sahəsində tənzimləməni həyata
keçirən dövlət orqanıdır. Audiovizual Şuranın fəaliyyəti və
ümumiyyətlə, audiovizual media sahəsinin tənzimlənməsi “Media
haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunlar
əsasında aparılır. “Media haqqında” Qanunun 5.4-cü maddəsində
təsbit olunmuşdur ki, media sahəsində fəaliyyət yaradıcılıq və
redaksiya müstəqilliyi əsasında həyata keçirilir”
“Qeyd olunanlara əsasən bildiririk ki, hər hansı bir proqramın
fəaliyyətə başlaması və ya bağlanması, habelə hər hansı bir
aparıcının və ya redaksiya əməkdaşının işə götürülməsi və ya işdən
çıxarılması, dəvət olunan qonaqların, müzakirə olunan mövzuların
müəyyən edilməsi sırf redaksiya siyasəti çərçivəsinə daxil olub
Audiovizual Şuranın səlahiyyətlərinə aid deyildir. Audiovizual Şura
hər hansı bir kanala (redaksiyaya) qarşı sanksiya və ya inzibati
tənbeh tədbiri tətbiq edərkən “Media haqqında” Qanuna və bu sahəni
tənzimləyən digər qanunlara əsaslanaraq qərar qəbul edir. Buna görə
də, müraciətlərdə bəzi vətəndaşlar tərəfindən istənilən kimi hər
hansı proqramın bağlanmasını və ya aparıcının efirdən
uzaqlaşdırılmasını Audiovizual Şura yerinə yetirə bilməz”.
“Bununla bərabər qeyd olunmalıdır ki, Audiovizual Şura mütəmadi
olaraq yayımçıların rəhbərləri ilə, redaksiya üzrə məsul şəxsləri
ilə müxtəlif formatlarda görüşlər keçirir. Görüşlərdə televiziya
kanalları ilə bağlı ictimaiyyətin haqlı narazılığına səbəb olan
məsələlərə dair Audiovizual Şuranın səlahiyyətləri çərçivəsində
zəruri tövsiyələrin verilməsi təmin olunur.
Bir daha audiovizual yayımçılardan qanunvericiliyin tələblərinə
ciddi əməl etmələri, peşə etikası qaydaları çərçivəsində fəaliyyət
göstərmələrinin təmin etmələri tələb olunur”, – qurumdan qeyd
olunur.

