
Bakı. Trend:
Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika-Azərbaycan
Gənclər və İdman Assosiasiyasının təşkilatçılığı ilə ABŞ-nin Nyu
York şəhərində Xocalı soyqırımı haqqında genişmiqyaslı
məlumatlandırma aksiyası keçirilib.
Trend xəbər
verir ki, aksiya zamanı Xocalı faciəsinin dəhşətlərini əks etdirən
fotoşəkillərin və soyqırımı qurbanları barədə məlumatların nümayiş
olunduğu LED ekranlı avtomobillər Nyu Yorkun mərkəzi küçələrində
hərəkət edib.
Əhalinin sıx toplaşdığı məkanlarda, rəsmi qurumların binaları
qarşısında dayanaraq tarixin ən dəhşətli və amansız qətliamı ilə
bağlı vacib məlumatları ictimaiyyətin diqqətinə çatdırıb.
Avtomobillər Tayms meydanından, BMT-nin Baş Qərargah binası
önündən, Uoll Strit küçəsindən, Bruklin körpüsündən, Azadlıq
heykəli ətrafından, Mərkəzi park və meydanlardan keçərək “Nyu York
Tayms” (“The New York Times”) nəşrinin binasının qarşısında
dayanıb.
LED ekranlarda “Xatırla, hörmət et, düşün – Xocalı 1992”, “34 il
sonra, biz hər bir ruhu xatırlayırıq”, “Xocalı 1992 faciəsi – dünya
bunu unutmamalıdır”, “Xocalı – onların cəsarəti və ağrısı
bizimlədir”, “Xocalı qurbanları anır, xatirələrini əziz tuturuq”, “Xocalı soyqırımını unutma”, “Maarifləndir, ədalət tələb et və
həmrəylik göstər”, “Birlikdə xatırlayırıq, birlikdə yas tuturuq,
birlikdə müdafiə edirik”, “Xocalı üçün ədalət”, “Faciədən xatirəyə
– Xocalı yaşayır”, “Günahsızlar üçün xatırla, ədalət üçün danış”, “Bir soyuq gecə – minlərlə itki”, “34 il sonra da Xocalı danışır”
kimi şüarlar nümayiş olunub. Tarixi faktlara və daha ətraflı
məlumatlara keçid imkanı yaradan QR kodlar vasitəsilə şəhər
sakinləri məlumatlandırılıb.
Qeyd edək ki, eyni vaxtda ABŞ-nin paytaxtı Vaşinqtonda və Boston
şəhərində də bu cür məlumatlandırma aksiyaları keçirilib.

