Peru Konqresi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat qəbul edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Peru Konqresində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
və faciə ilə bağlı bəyanat qəbul edilib.

Trend xəbər verir ki, Xocalı
soyqırımının 34-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdə
Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü, Peruda
akkreditə olunmuş diplomatik korpus və yerli KİV-lərin
nümayəndələri iştirak ediblər.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.

Konqresin Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun
üzvü Rosanxela Andreya Barbaran Reyes çıxış edərək Xocalıda həlak
olmuş günahsız soydaşlarımızla bağlı Azərbaycan xalqına başsağlığı
verib və Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında dərin
iz qoyduğunu qeyd edib.

Sonra çıxış edən səfirliyin əməkdaşı Gültən Qafqazlı-Novruzova
Xocalı soyqırımı və erməni təcavüzünün tarixi haqqında məlumat
verərək, bu qətliamın və onun acı nəticələrinin unudulmamasının,
habelə gələcəkdə oxşar faciələrin baş verməməsi üçün soyqırımı
törədənlərin hamısının məsuliyyətə cəlb olunmasının önəmini
vurğulayıb.

Diplomat Xocalı faciəsinə lazımi hüquqi qiymət verildiyini, bir
sıra ölkələrin parlamentləri, o cümlədən Peru Konqresi tərəfindən
Xocalı soyqırımını tanıyan sənədlərin qəbul edildiyini diqqətə
çatdırıb, bu məsələdə ədalətli mövqe və həmrəylik nümayiş etdirdiyi
üçün Peru tərəfinə minnətdarlığını bildirib.




Daha sonra, Peru Konqresi tərəfindən faciənin 34-cü ildönümü ilə
bağlı qəbul edilmiş bəyanatın mətni oxunulub.

Bəyanatda Xocalı soyqırımının 34-cü ildönümünün anıldığı diqqətə
çatdırılıb. Həmçinin çox sayda insanın qəddarcasına qətlə
yetirilməsi ilə nəticələnmiş bu qanlı faciə haqqında məlumat
verilib, 2013-cü ildə Peru Konqresi tərəfindən qəbul edilmiş
sənəddə bu soyqırımının pisləndiyi bildirilib.

Bəyanatda həmçinin Qafqaz regionunda sülhün və sabitliyin
möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq səylərə, o cümlədən
2025-ci il 8 avqust tarixində Ağ Evdə keçirilmiş yüksək səviyyəli
görüşə dəstək vurğulanıb.

Bundan başqa, bəyanatda bu gün bütün dünya azərbaycanlılarının
Xocalı şəhərində qətlə yetirilmiş günahsız insanların xatirəsini
ehtiramla yad etdiyi bildirilib, onların əziz xatirəsinə, baş
vermiş faciənin 34-cü ildönümünün anılması ilə əlaqədar Azərbaycan
hökumətinə və xalqına dərin hüznlə başsağlığı ifadə olunub.

Tədbir zamanı Xocalı soyqırımı haqqında sənədli film nümayiş
etdirilib, iştirakçılara qanlı faciənin tarixinə dair broşür və
materiallar təqdim olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir