
Bakı. Trend:
Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin
təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə
İspaniyanın nüfuzlu ali təhsil ocaqlarından olan Madrid Complutense
Universitetində “Dəyişən dünyada xarici fəaliyyət: sülh gündəliyi
və Azərbaycanın regional və qlobal siyasəti” mövzusunda tədbir
keçirilib.
Trend bu barədə
səfirliyə istinadən xəbər verir.
Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələri,
eləcə də akademik dairələrin nümayəndələri iştirak ediblər.
Sözügedən tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi
uğrunda həlak olmuş şəhidlərin və Xocalı qurbanlarının xatirəsinin
bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Çıxışlarda 1992-ci ilin fevralında baş vermiş Xocalı
hadisələrinin ağır humanitar nəticələri diqqətə çatdırılıb, dinc
əhaliyə qarşı törədilmiş zorakılıq aktlarının beynəlxalq humanitar
hüququn norma və prinsiplərinə zidd olduğu vurğulanıb. Xocalı
həqiqətlərinin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə
çatdırılmasının, tarixi yaddaşın qorunmasının və bu kimi faciələrin
gələcəkdə təkrarlanmaması üçün sistemli fəaliyyətin davam
etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Bildirilib ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında
silinməz iz qoymuşdur və hər il 26 fevral – Xocalı Soyqırımı Günü
ölkə daxilində və xaricdə silsilə anım tədbirləri keçirilir.
Diqqətə çatdırılıb ki, bir sıra dövlətlər və beynəlxalq təşkilatlar
bu hadisələrə soyqırımı və insanlıq əleyhinə cinayət kimi
hüquqi-siyasi qiymət vermişlər.
Tədbir çərçivəsində Azərbaycanın regionda davamlı sülhün və
sabitliyin təmin olunması istiqamətində həyata keçirdiyi
təşəbbüslər, eləcə də mövcud regional reallıqlar barədə məlumat
təqdim olunub. Ölkənin suverenliyinin və ərazi bütövlüyünün tam
təmin edilməsinin regionda yeni mərhələnin formalaşmasına zəmin
yaratdığı vurğulanıb.
Eyni zamanda qeyd olunub ki, Azərbaycan sülh gündəliyini ardıcıl
və konstruktiv şəkildə irəli aparır, xalqımıza qarşı törədilmiş
cinayətlərin unudulmasına yol verilmir və qurbanların əziz xatirəsi
daim ehtiramla yad edilir.
Tədbirin yekununda tanınmış fotojurnalist Reza Deqatinin Xocalı
faciəsi və müharibənin acı nəticələrini əks etdirən
fotoşəkillərindən ibarət kitabı Universitet rəhbərliyinə təqdim
edilib.

