
Bakı. Trend:
Ukrayna sülh şəraitində yaşaya biləcəyinə inanmayana qədər
münaqişənin nizamlanmasına dair razılaşma imzalanmayacaq.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Xüsusi
elçisi Stiv Uitkoff bildirib.
“Ukrayna və onun xalqı diplomatik həll tapılacağı təqdirdə sülh
şəraitində yaşaya biləcəklərinə inanmayana qədər heç bir razılaşma
olmayacaq. Son nəticə məhz bu olmalıdır — sülhün reallığı”, – deyə
Uitkoff bildirib.
Onun sözlərinə görə, bunun üçün ABŞ və Avropa tərəfindən “sərt
təhlükəsizlik protokolları” tələb olunacaq. Donald Trampın
nümayəndəsi bu istiqamətdə işlərin aparıldığını diqqətə
çatdırıb.
Fevralın 17–18-də Cenevrədə Rusiya, ABŞ və Ukrayna nümayəndələri
arasında danışıqlar keçirilib: ilk gün müzakirələr altı saat davam
edib, ikinci gün isə təxminən iki saat çəkib. Rusiya nümayəndə
heyətinə rəhbərlik edən Rusiya Prezidentinin köməkçisi Vladimir
Medinski danışıqları “çətin, lakin işgüzar” adlandırıb, Zelenski
isə tərəflərin atəşkəsə nəzarət mexanizmi üzrə “demək olar ki,
razılığa gəldiyini” bildirib.

