
Bakı. Trend:
Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN vasitəsilə
aparılacaq.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
Bildirilib ki, dövlət sosial sığorta sistemində elektron
xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi
mütəmadi olaraq bu sistemlə bağlı dəyişikliklərin aparılmasını və
təkmilləşdirilmələrin həyata keçirilməsini zəruri edir. Sosial
sığorta nömrəsi (SSN) verilərkən elektron sistemlərdə həmin şəxsin
şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN) ilə
əlaqələndirilir.
Vurğulanıb ki, hazırda sığortaedənlər tərəfindən muzdlu işlə
əlaqədar vahid rüblük bəyannamə təqdim edilərkən SSN və FİN
məlumatların hər ikisinin daxil edilməsi əlavə iş yükü yaradır və
sistemdə məlumat bazasının yüklənməsinə səbəb olur. Həmçinin, əksər
dövlət orqanlarının müvafiq sahələrində məlumatların uçotu da FİN
üzərindən aparılır.
Bununla əlaqədar sığortaolunanların sığortaçıda uçotunun yalnız
FİN ilə aparılması məqsədilə “Azərbaycan Respublikasının Əmək
Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot
haqqında” və “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik
edilməsi ilə bağlı layihə hazırlanıb.
Qanun layihəsində sığortaolunanların sığortaçıda
uçotunun yalnız FİN ilə aparılması təklif edilir.
Əlavə edilib ki, bu dəyişikliklər sosial sığorta sistemində
məlumatların idarə olunmasında vahidliyi və uyğunluğu təmin edəcək,
eləcə də qurumlar arasında məlumat mübadiləsini asanlaşdıraraq
e-sistemlərin inteqrasiyasını sürətləndirəcək.
Qeyd edilib ki, sözügedən layihənin qəbul edilməsi sosial
sığorta sisteminin fəaliyyətində müasir yanaşmaların tətbiqi və
səmərəliliyin artırılmasına imkan verəcək. Eyni zamanda,
sığortaedənlər tərəfindən işə qəbul edilərkən sosial sığorta
nömrəsi olan sığortaolunanlardan SSN-in tələb edilməsinə və ya
başqa üsulla sosial sığorta nömrəsinin öyrənilməsinə ehtiyac
qalmayacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
üçüncü oxunuşda qəbul edilib.

