
Bakı.Trend:
“Təhdidlər və Həllər Kataloqu”nda ümumilikdə 167 təhdid üzrə
məlumat əldə etmək mümkündür. Portal mütəmadi olaraq yenilənəcək,
sahə üzrə yeni təhdidlər müəyyən edildikcə və ya mövcud təhdidlərə
dair yeni həll mexanizmləri formalaşdıqca sistemə əlavə
ediləcək.
Trend xəbər
verir ki, bu fikirləri bu gün Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov
“İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi”
mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, portal bilik bazası funksiyasını yerinə
yetirir və dövlət qurumlarına informasiya təhlükəsizliyi riskləri
reyestrinin hazırlanması prosesində metodiki dəstək məqsədi
daşıyır.
İdarə rəisi qeyd edib ki, portalın əsas səhifəsində təhdidlər 7
kateqoriya üzrə qruplaşdırılıb və hər bir kateqoriya daxilində
müvafiq risklər sistemləşdirilib. Gələcəkdə yeni təhdidlər
yarandıqca onlar da uyğun kateqoriyalar üzrə əlavə ediləcək:
“İstifadəçilər “Bütün təhdidlər” bölməsi vasitəsilə sistemdə
yerləşdirilmiş bütün risklərlə tanış ola, həmçinin hər bir təhdid
üzrə təqdim olunan həll yollarını nəzərdən keçirə bilərlər”.

