
Bakı. Trend:
Xocavənd rayonunda həyat tədricən öz axarına qayıdır. Rayonun
eyni adlı kəndində genişmiqyaslı infrastruktur layihələri icra
olunur.
Trend xəbər
verir ki, bu barədə bu gün Ağdam, Füzuli və Xocavənd rayonlarında
Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr
şöbəsinin əməkdaşı Fidan Məmmədli Xocavənddə mediaturda olan
jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, Xocavənd kəndində ümumilikdə 278 fərdi
yaşayış evi mövcuddur. Bu evlərdən 128-i tam yararsız
vəziyyətdədir, 150-si isə qismən yararlıdır. Qismən yararlı
evlərdən 20-də artıq təmir-bərpa işləri başa çatdırılıb, cari il
ərzində daha 130 evdə təmir aparılması nəzərdə tutulur.
F. Məmmədli qeyd edib ki, Böyük Qayıdış proqramı çərçivəsində
Xocavənd rayonuna köç prosesi mərhələli şəkildə davam edir. Fevral
ayında kəndə 20 ailənin (94 nəfər) daimi məskunlaşması təmin
edilib. Mart-dekabr ayları ərzində isə əlavə olaraq 130 ailənin
(533 nəfər) kəndə köçürülməsi planlaşdırılır.
O ki, kənddə sosial infrastrukturun bərpası istiqamətində də
mühüm işlər görülüb. Ərazinin mavi yanacaqla təmin olunması
məqsədilə 5 kilometr uzunluğunda magistral qaz xətti çəkilib, 1500
metr mövcud xətt isə yenidən qurulub. Bundan əlavə, 2100 metr
uzunluğunda 0,4 kV-luq elektrik xətləri və iki transformator
məntəqəsi bərpa edilib.
Kənddaxili avtomobil yolları asfaltlanıb, piyada səkiləri
salınıb. Bu istiqamətdə işlər hazırda da davam etdirilir.

