
Bakı. Trend:
Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi “Qrant haqqında” Qanununa uyğun olaraq həyata keçiriləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli
Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Mədəniyyət
haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz
əksini tapıb.
Qanun layihəsinə əsasən, mədəniyyət sahəsində layihələrin qrant
maliyyələşdirilməsi mədəniyyət xidmətlərinin, habelə mədəni və
yaradıcı sənaye sahələrinin inkişafına və keyfiyyətinin
artırılmasına yönəldilmiş innovativ fəaliyyət və tədqiqatların
stimullaşdırılması, mədəniyyət müəssisələrinin infrastrukturunun
inkişaf etdirilməsi, eləcə də mədəniyyət sahəsində maarifləndirmə
məqsədilə “Qrant haqqında” Qanununa uyğun olaraq həyata
keçiriləcək.
Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə
müsabiqələrin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Bildirilib ki, “Qrant haqqında” Qanununa əsasən hüquqi və fiziki
şəxslərə qrantların verilməsi ilə bağlı hər hansı məhdudiyyət
müəyyən edilməsə də, “Qeyri-hökumət təşkilatları tərəfindən
mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət
maliyyələşdirilməsi Qaydası” mədəniyyət sahəsində yalnız QHT-lər
üçün tədbirlərin maliyyələşdirilməsi prosedurunu
müəyyənləşdirir.
Vurğulanıb ki, mədəniyyət sahəsində keçirilən tədbirlərin qrant
maliyyələşdirilməsi üzrə QHT-lər ilə yanaşı, hüquqi şəxslərin digər
növləri, eləcə də fiziki şəxslər ilə bağlı tənzimləmənin həyata
keçirilməsi üçün xüsusi qaydanın təsdiq edilməsi zəruridir.
Qeyd olunanları nəzərə alaraq mədəniyyət sahəsində layihələrin
qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasının
müəyyən edilməsi məqsədilə “Mədəniyyət haqqında” Qanununda
dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb.
Eyni zamanda, sözügedən qanunda yaradıcı sənaye ilə bağlı
tənzimlənmə mövcud olsa da, bu ifadəyə anlayış verilməyib. “Mədəni
və yaradıcı sənaye” ifadəsindən “2022-2026-cı illərdə
sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı, “Azərbaycan Mədəniyyəti – 2040″ Mədəniyyət Konsepsiyası” və digər
sənədlərdə istifadə edilib. Bu xüsusda layihədə “mədəni və yaradıcı
sənaye” anlayışının da təsbit edilməsi nəzərdə tutulur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
birinci oxunuşda qəbul edilib.

