
Bakı. Trend:
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC)
ölkələrində “yaşıl” maliyyələşmə sürətlənir və bu sahədə
Azərbaycanda da fəallıq müşahidə olunur.
Trend bu barədə
“CAREC İnstitute” hesabatına istinadən xəbər verir.
Hesabat müəllifləri qeyd edirlər ki, Azərbaycan UNIBANK
vasitəsilə 11,8 milyon ABŞ dolları məbləğində “yaşıl” istiqraz
buraxmaqla bazara daxil olub.
“CAREC Institute”un məlumatına görə, “yaşıl” maliyyələşmə
sahəsində lider ölkələr Qazaxıstan və Özbəkistandır.
“İnkişaf etməkdə olan iqtisadiyyata malik CAREC proqramı
iştirakçıları – o cümlədən Qazaxıstan, Özbəkistan, Azərbaycan və
digərləri – son onilliklər ərzində nisbətən sabit ÜDM artımı
nümayiş etdiriblər. Lakin fosil yanacaqlardan yüksək asılılıq,
enerji sistemlərinin aşağı səmərəliliyi və köhnəlmiş sənaye
infrastrukturu iqtisadiyyatın yüksək karbon tutumlu olmasına səbəb
olur: ÜDM vahidinə düşən CO₂ emissiyaları dünyada ən yüksək
göstəricilər sırasındadır”,- deyə hesabatda qeyd olunur.
CAREC ölkələrinin bir çoxu, xüsusilə Qazaxıstan, Türkmənistan,
Özbəkistan və Azərbaycan fosil yanacaqların hasilatı və ixracından
ciddi dərəcədə asılıdır.
“Fosil yanacaqların iri ixracatçısı kimi Azərbaycan
iqtisadiyyatın karbonsuzlaşdırılması sahəsində ciddi çağırışlarla
üzləşir. “Yaşıl” maliyyələşmə günəş və külək enerjisinin inkişafını
dəstəkləmək məqsədi daşıyır. 2022-ci ildə ölkədə beynəlxalq iqlim
maliyyələşməsinin dəstəyi ilə Masdar şirkəti ilə dövlət-özəl
tərəfdaşlıq çərçivəsində gücü 230 MVt olan günəş enerjisi
layihəsinə start verilib”,- hesabatda qeyd olunur.
Hesabatda həmçinin “yaşıl” infrastrukturun inkişafında
dövlət-özəl tərəfdaşlıqların əhəmiyyəti vurğulanır: “Özbəkistan və
Azərbaycandakı uğurlu nümunələr göstərir ki, şəffaf tender
prosesləri, risklərin azaldılması alətləri və beynəlxalq dəstək
‘təmiz’ enerji və dayanıqlı nəqliyyatın inkişafına özəl
investisiyaların cəlb olunmasına imkan yaradır”.

