
Bakı. Trend:
2025-ci ildə İcbari Sığorta Bürosu (İSB) tərəfindən 749 min
manat kompensasiya ödənilib.
Trend bu
barədə İSB-yə istinadən xəbər verir.
Xatırladaq ki, “İcbari sığortalar haqqında” Qanununa əsasən
Azərbaycan Respublikası ərazisində baş vermiş yol-nəqliyyat
hadisələri nəticəsində icbari sığorta qanunvericiliyində nəzərdə
tutulmuş hallarda sağlamlığına zərər dəyən üçüncü şəxslərə
kompensasiya ödənişinin verilməsi İcbari Sığorta Bürosu (İSB)
tərəfindən həyata keçirilir.
Məlumata görə, 2025-ci ildə İSB-yə kompensasiya ödənişləri ilə
bağlı 398 müraciət daxil olub. Bu müraciətlər əsasında 217 şəxsin
sağlamlığına vurulmuş müxtəlif dərəcəli xəsarətlərə görə 216 342
manat, 10 şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsinə
(əlillik) səbəb olmuş xəsarətlərə görə 28 000 manat və 171 şəxsin
ölümü ilə nəticələnmiş hadisələr üzrə 504 833 manat olmaqla,
ümumilikdə 749 175 manat komensasiya ödənişləri həyata
keçirilib.
Qeyd edilib ki, kompensasiya ödənişi üçüncü şəxsin sağlamlığına
naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda,
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari
sığorta müqaviləsi mövcud olmayan şəxs (sığortasız) tərəfindən
üçüncü şəxsin sağlamlığına zərər vurulduqda və sığorta
qanunvericiliyində nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata
keçirilməsi mümkün olmadıqda (iflas etmiş sığorta şirkəti) təmin
edilir.

