
Pakistan diplomatiya, birbaşa danışıqlar və dost ölkələr vasitəsilə təmaslar imkanlarından istifadə edib, lakin indiyədək konkret nəticə əldə olunmayıb.
Bunu APA-ya açıqlamasında Pakistanın sabiq İnformasiya və Mədəniyyət Naziri, senator Müşahid Hüseyn Seyyid deyib.
Onun sözlərinə görə, rəsmi İslamabad məsələni hərbi deyil, siyasi və diplomatik yollarla həll etməyə çalışıb. “Məsələn, Türkiyə vasitəsilə İstanbulda danışıqlar aparılıb, daha sonra Qətər və Dohada görüşlər keçirilib, lakin nəticə əldə olunmayıb”, deyə senator bildirib.
Müşahid Hüseyn Seyyid qeyd edib ki, son üç ay ərzində Pakistanda baş vermiş demək olar ki, hər bir terror aktının kökləri, maliyyə və təşkilati mənbələri, eləcə də təşkilatçıları Əfqanıstana gedib çıxır: “Əfqanıstandakı Taliban rejimi bu terrorçulara qarşı heç bir məhdudiyyət tətbiq etməyib və onlara sərbəst hərəkət imkanı yaradılıb.”
“Bu qruplara Pakistanın birliyinə, suverenliyinə və ərazi bütövlüyünə zərər vuracaq fəaliyyət göstərmək imkanı verilib”, deyə o vurğulayıb.
Senator bildirib ki, son iki gün ərzində atəş açılması və terror aktlarının davam etməsi fonunda Pakistan cavab zərbəsi endirməyə məcbur olub.
“Bütün səylərimizə baxmayaraq hücumlar dayandırılmadığı üçün cavab zərbəsi endirməli olduq. Hər bir dövlət kimi biz də sərt cavab verməli idik”, deyə o qeyd edib.
Müşahid Hüseyn Seyyid Pakistanın yalnız hərbi hədəfləri və ya terrorçu sığınacaqlarını vurduğunu, mülki əmlaka və mülki əhaliyə zərər vurmağın məqsəd olmadığını bildirib.
O, Azərbaycan nümunəsinə də toxunaraq deyib ki, beynəlxalq hüququn pozulması şəraitində hər bir dövlət öz suverenliyini müdafiə etmək hüququna malikdir və Pakistan da eyni prinsiplə hərəkət edib.
“Pakistan Əfqanıstan Taliban rejimi ilə Əfqanıstan xalqını bir-birindən ayırır”, deyə o bildirib.
Onun sözlərinə görə, Pakistan ilə Əfqanıstan xalqı arasında dərin tarixi bağlar mövcuddur və Pakistan 40 il ərzində 4 milyon əfqan qaçqına ev sahibliyi edib.
Müşahid Hüseyn Seyyid ümid etdiyini bildirib ki, mövcud vəziyyətdən sonra diplomatiya üçün zəmin yaranacaq və dost ölkələr vasitəçilik rolunu oynayacaqlar. O, Türkiyə, Çin, Rusiya, Səudiyyə Ərəbistanı və Qətəri vasitəçilik təklif edən ölkələr kimi qeyd edib.
Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatı da Pakistana qarşı törədilən terror aktlarının mənbəyinin Əfqanıstan ərazisində fəaliyyət göstərən qruplar olduğuna dair sübutların mövcudluğunu bəyan edib.
Pakistan tərəfi məsələ üzrə sülh yolu ilə, diplomatik həllə nail olmaq niyyətində olduğunu bildirir. Senator vurğulayıb ki, əsas narahatlıq Əfqanıstan ərazisinin Pakistanı sabitsizləşdirmək üçün istifadə olunmaması və terror qruplarının bu ərazini hücum platformasına çevirməməsidir.
“Bu, bizim qırmızı xəttimizdir və bu məsələdə mövqeyimiz tam aydındır”, deyə o qeyd edib.
Müşahid Hüseyn Seyyid sonda bildirib ki, iki ölkə arasında 2 600 kilometrlik sərhəd mövcuddur və bu sərhəd boyunca sabitliyin təmin olunması həm Pakistan, həm də Əfqanıstan və iki ölkə xalqı üçün həyati əhəmiyyət daşıyır.

