
Bakı. Trend:
Daxili İşlər Nazirliyi növbəti dəfə vətəndaşlara müraciət edərək
kiberdələduzluq hallarına qarşı diqqətli olmağı, naməlum
nömrələrdən daxil olan zəng və mesajlara ehtiyatla yanaşmağı
tövsiyə edir.
Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat
yayıb.
Bildirilib ki, ani diqqətsizlik maddi vəsaitlərin itirilməsi və
şəxsi məlumatların ələ keçirilməsi ilə nəticələnə bilər.
Qeyd olunur ki, özünü bank əməkdaşı kimi təqdim edən şəxslərin
kart məlumatları, şifrə və digər məxfi məlumatları tələb etməsi,
həmçinin qısa müddətdə yüksək qazanc vədləri dələduzluq
əlamətləridir. Bank kartına dair məlumatlar, o cümlədən PIN-kod və
digər məxfi məlumatlar heç bir halda üçüncü şəxslərlə
paylaşılmamalıdır. Unutmayaq ki, heç bir bank və ya maliyyə
təşkilatının nümayəndəsi bu məlumatları zəng və ya mesaj vasitəsilə
tələb etmir.
Eyni zamanda “WhatsApp” tətbiqi üzərindən daxil olan zənglərə
xüsusi diqqət yetirilməlidir. Özünü bank əməkdaşı kimi təqdim
edərək “WhatsApp” vasitəsilə kart məlumatlarını tələb edən şəxslərə
inanmayın, saxtadır.
Həmçinin sosial şəbəkələrdə göndərilən naməlum keçidlərə daxil
olmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsinə səbəb ola
bilər. Bu səbəbdən “texniki dəstək” adı ilə edilən zənglər zamanı
hər hansı məlumat verməzdən əvvəl qarşı tərəfin etibarlılığı mütləq
şəkildə dəqiqləşdirilməlidir.
Risklə üzləşdiyiniz halda dərhal polisə və xidmət göstərən banka
məlumat verilməsi tövsiyə olunur.
Unutmayaq ki, kibertəhlükəsizlik hər bir vətəndaşın
məsuliyyətidir. Dələduzluq hallarına qarşı ayıq-sayıq olun. Şəxsi
məlumatlar açardır, onu başqalarına vermə.

