
Bakı. Trend:
Heç bir danışıqlar olmayacaq.
Trend xəbər verir
ki, bunu Pakistanın baş nazirinin mətbuat katibi Müşərrəf Zaidi
bildirib.
O, Əfqanıstan Talibanının sözçüsü Zabihullah Mücahidin cümə günü
keçirdiyi mətbuat konfransında ölkəsinin gərginliyin aradan
qaldırılması üçün danışıqlara açıq olduğunu bildirməsini şərh
edib.
“Danışıqlar olmayacaq. Heç bir dialoq yoxdur. Heç bir müzakirə
aparılmayacaq. Əfqanıstandan qaynaqlanan terrorizmə son
qoyulmalıdır”, – Zaidi bildirib.
O vurğulayıb ki, Pakistanın məsuliyyəti yalnız öz vətəndaşlarını
və ərazisini qorumaqla məhdudlaşır.
Qeyd edək ki, Pakistan Əfqanıstan münaqişəsi ölkə ərazisində
(Pakistanda) ard-arda törədilən terror aktlarından sonra yenidən
alovlanıb.
Fevralın 6-da İslamabadda yerləşən şiə məscidində törədilən
intihar partlayışı nəticəsində azı 36 nəfər həlak olub.
Fevralın 21-də isə Xeybər-Paxtunxvada yerləşən Bannu şəhərində
daha bir terrorçu kamikadze təhlükəsizlik konvoyuna hücum edərək
iki hərbçini öldürüb. Həmin hücumlar Pakistanın Əfqanıstan
ərazisində ilk zərbə dalğasına başlamasına səbəb olub. Pakistanın
bildirdiyinə görə, zərbələr silahlı qrupların, xüsusilə də
“Təhrik-e-Taliban Pakistan” (Pakistan Talibanı) üzvlərinin
gizləndiyi sığınacaqlara və bazalara yönəldilib.
Əfqanıstan tərəfi bu hücumlar nəticəsində azı 18 nəfərin
öldüyünü açıqlayıb və cavab tədbirləri görəcəyini bəyan edib ki, bu
da cümə axşamı gecəsi silahlı toqquşmaların başlanmasına gətirib
çıxarıb.

