
Bakı. Trend:
Fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorial
Kompleksinin açılışı təkcə ölkənin ictimai-siyasi həyatında baş
vermiş mühüm hadisə olaraq deyil, həm də mənəvi ədalətin təntənəsi
kimi tariximizin yaddaşına həkk olundu.
Bu sözləri Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O bildirib ki, Prezident İlham Əliyev, Birinci xanım Mehriban
Əliyeva və ailə üzvlərinin bu mərasimdə iştirakı dövlətin Xocalı
həqiqətlərinə verdiyi ali siyasi qiymətin daha bir açıq ifadəsi
oldu: “Xocalı torpağında ucaldılan Xocalı Soyqırımı Memorial
Kompleksi yalnız keçmişin xatirəsi deyil, həm də gələcək nəsillərə
ünvanlanan tarixi mesajdır. Dövlət başçısının çıxışında vurğulanan
əsas məqamlardan biri Xocalı faciəsinin mahiyyəti ilə bağlı idi. Bu
faciə təsadüfi müharibə epizodu yox, planlı şəkildə həyata
keçirilmiş, azərbaycanlılara qarşı yönəlmiş kütləvi qırğın aktıdır.
Xocalıda baş verənlər insanlığa qarşı törədilmiş ağır cinayətdir və
bu cinayətin məsuliyyəti birbaşa Ermənistan dövlətinin üzərinə
düşür. Qadınların, uşaqların, qocaların amansızcasına qətlə
yetirilməsi Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub və bu
yaddaş heç vaxt susmayacaq”.
Millət vəkilinin fikrincə, Prezident İlham Əliyevin ədalət
uğrunda aparılan uzunmüddətli mübarizə ilə bağlı səsləndirdiyi
fikirlər xüsusi önəm kəsb edir: “Dövlət başçısı xatırlatdı ki,
illər boyu Xocalı həqiqətlərini dünyaya çatdırmaq üçün həm dövlət
qurumları, həm də ictimai institutlar ardıcıl fəaliyyət göstərib.
Bu kontekstdə Heydər Əliyev Fondunun təşəbbüsləri xüsusi əhəmiyyət
daşıyır. Fondun başladığı “Xocalıya ədalət!” xətti beynəlxalq
miqyasda informasiya blokadasını yarmağa imkan verdi. Leyla
Əliyevanın rəhbərliyi ilə aparılan kampaniya nəticəsində Xocalı
faciəsi bir sıra ölkələrdə soyqırımı kimi tanındı. Bu, təkcə
diplomatik uğur deyil, həm də tarixi ədalətin bərpasına doğru
atılmış mühüm addım idi. Növbəti tarixi mərhələdə isə bütün dünya
bizimlə birlikdə artıq ədalətin təkcə tələb olunmadığının, həm də
real şəkildə təmin edildiyinin şahidi oldu. Xocalının işğaldan azad
olunması, hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi göstərdi
ki, Azərbaycan dövləti öz haqqını özü qorumağa qadirdir. Azərbaycan
Silahlı Qüvvələrinin peşəkarlığı, xalqın bir yumruq kimi birləşməsi
nəticəsində ədalət söz yox, əməl səviyyəsində təsdiq olundu.
Cinayətkarların məhkəmə qarşısına çıxarılması Xocalı qurbanlarının
ruhu qarşısında tarixi borcun yerinə yetirilməsi idi. Bu Memorial
Kompleksin məhz Xocalıda açılması da dərin rəmzi məna daşıyır.
Çünki illərlə öz doğma yurdlarına qayıtmaq ümidi ilə yaşayan Xocalı
sakinləri bu gün həm ədalətin, həm də dövlət qayğısının canlı
şahidlərinə çevriliblər. Dövlət başçısının çıxışında səsləndirilən
fikir bir daha təsdiqlədi ki, Azərbaycan xalqı öz tarixini unutmur,
düşmənin törətdiyi vəhşilikləri bağışlamır, lakin qisası da hüquq
və ədalət çərçivəsində alır. Bu gün Xocalıda ucaldılan Memorial
Kompleks Azərbaycan xalqının əyilməz ruhunun, milli ləyaqətinin və
dövlət iradəsinin simvoludur”.

