Əbu-Dabi və Dubay şəhərlərinə ballistik raketlər atılıb – ölən var

Baş səhifə

Bakı. Trend:

İran və İsrail arasında meydana gələn eskalasiyalar fonunda
Birləşmiş Ərəb Əmirliklərinin Dubay və Əbu-Dabi şəhərlərində
İrandan atılan bir neçə ballistik raket zərərsizləşdirilib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hava hücumlarından müdafiə sistemi tərəfindən
zərərsizləşdirilən raketlərdən birinin qalıqları yaşayış
məntəqəsinə düşərək bir nəfərin həyatına son qoyub. Həmin şəxsi
Asiya ölkələrindən birindən olduğu deyilir.

Bu arada BƏƏ Müdafiə Nazirliyi ballistik raket hücumları ilə
bağlı rəsmi bəyanat verib:




“Hədəfə alınmağımız milli suverenliyin və beynəlxalq hüququn
açıq şəkildə pozulmasıdır. BƏƏ bu eskalasiyaya cavab vermək və öz
ərazisini, vətəndaşlarını və sakinlərini qorumaq, həmçinin
suverenliyini, təhlükəsizliyini və sabitliyini təmin etmək üçün
bütün zəruri tədbirləri görmək hüququnu tam şəkildə özündə
saxlayır”.

Qeyd edək ki, raketlərin atıldığı hər iki şəhərdə ABŞ hərbi
bazaları yerləşir.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir