
Bakı. Trend:
İslam İnqilabı Keşikçiləri Korpusu “Əsl Vəd 4” əməliyyatının
üçüncü və dördüncü mərhələlərinə start verib.
Trend xəbər verir
ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
Bəyanata görə, ABŞ və İsrailin hərbi və təhlükəsizlik
hədəflərinə qarşı davamlı raket dalğaları atılır və “Əsl Vəd 3”
əməliyyatında istifadə olunanlardan daha dəqiq və güclü, mürəkkəb
raketlərdən istifadə olunur.
SEPAH-ın mətbuat xidməti əsas hədəfləri Hayfa limanındakı dəniz
bazası, Hayfadakı digər dəniz bazaları, Ramat David hava bazası,
Kirya bölgəsindəki Müdafiə Nazirliyi, Beyt Şemeş hərbi-sənaye
yaşayış məntəqəsi və Aşdoddakı hərbi-sənaye mərkəzi kimi
açıqlayıb.
Korpus həmçinin İran raketləri və dronlarından istifadə edərək
bölgədəki sabit və mobil hədəflərə zərbələr də daxil olmaqla
əməliyyatları genişləndirməyə və intensivləşdirməyə hazır olduğunu
bildirib. Bəyanatda sonrakı dalğaların “Əsl Vəd 3” əməliyyatından
daha dağıdıcı və miqyasca daha böyük olacağı xəbərdarlığı yer
alıb.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.

