
Bakı. Trend:
İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneinin öldürülməsi heç
vaxt cavabsız qalmayacaq.
Trend-in
məlumatına görə, bu, İran Prezidenti Məsud Pezeşkianın bəyanatında
öz əksini tapıb.
İran prezidenti bildirib ki, İran var-gücü ilə bu hadisəni
törədənləri peşman edəcək.
Pezeşkian qeyd edib ki, İran Hökuməti İranın Ali Liderinin ölümü
ilə əlaqədar başsağlığı verir və ölkədə 40 gün matəm və 7 gün
qeyri-iş günü elan edir.
Qeyd edək ki, 28 fevralda İsrailin Tehrana hərbi hava hücumları
nəticəsində İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və ailə
üzvləri ölüb.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında
keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa
çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq
Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə
yerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.

