
Bakı. Trend:
Əslində bu gün İran və ABŞ arasında danışıqların növbəti raundu
keçirilməli idi. Lakin hazırda İrana hərbi hava hücumlarını
müşahidə edirsiz.
Trend xəbər
verir ki, bunu İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu
təşkil olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ilk dəfə deyil ki, belə bir hadisə baş
verir:
“Ötən ilin iyun ayında da oxşar hadisə baş vermişdi. Diplomatik
danışıqlar zamanı hava hücumlarına başlamaq ABŞ üçün adi hala
çevrilib. Bu gün artıq müharibənin üçüncü günüdür. İran ABŞ-nin
bölgədəki hərbi bazalarını özünü qanuni müdafiəsi hüququna əsasən
hədəf alır. İran özünümüdafiə istiqamətində qonşu ölkələrin deyil,
ABŞ və İsrailin hədəflərini vurur. Son üç gün ərzində İrana qarşı
hücumlar nəticəsində ölkənin Ali Lideri həlak olub”.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında
İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu
keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş
tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans
kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə
olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə
obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına
müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın
28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına
başlayıb.
İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava
hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun
ailə üzvləri ölüb.
Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor
Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun
(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin
müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri
Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

