İrandan idxal edilən məhsulların bahalaşmaması üçün nə etmək lazımdır – Açıqlama

Baş səhifə

Bakı. Trend:

İranda baş verən savaş region dövlətləri üçün yalnız hərbi
deyil, həmçinin iqtisadi baxımdan da təsirsiz ötüşməyə bilər.

Trend xəbər
verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə
hesabında yazıb.

Bəs, müharibənin Azərbaycan iqtisadiyyatına hansı
təsirləri ola bilər?

Millət vəkili xatırladıb ki, Azərbaycanla İran arasında ticarət
dövriyyəsi 2025-ci ildə əvvəlki ilə nisbətən cüzi dəyişərək 644
milyon dollara olub. 2024-cü ildə bu göstərici 647 milyon dollar
idi. Rəqəmlər ölkələr arasındakı ticarət əlaqələrinin kiçik
göstəricilər ilə ifadə olunmadığını göstərsə də, dövriyyənin
strukturu fərqli təəssürat yaradır:

“Belə ki, ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İrandan
idxaldır. 2025-ci ildə 644 milyon dollarlıq dövriyyənin 624 milyonu
İrandan idxal hesabına formalaşıb. Yəni, ümumi ticarət
dövriyyəsinin cəmi 3 faizi Azərbaycanın İrana ixracıdır.
Azərbaycanın İrana ixracatı cəmi 20 milyon dollar olub. Bu isə o
deməkdir ki, ötən il İranla ticarətdə 604 milyon dollarlıq mənfi
saldomuz yaranıb.

Deməli, İranla ticarət əlaqələrimizdə illər üzrə mənfi saldomuz
var. Yəni, İran Azərbaycan ilə ticarət əlaqələrindən daha çox
qazanır. Bu isə o deməkdir ki, İranla ticarət əlaqələrində texniki
çətinliklər davam etsə, bunun Azərbaycan ixracatına hər hansı
xüsusi təsiri olmayacaq.

İllər üzrə statistik təhlillər göstərir ki, iki ölkə arasındakı
ticarətdə İran idxalı dominat olub. Azərbaycanın ümumi ixracatında
İranın payı hətta tam rəqəmlərlə belə ifadə olunmur. İxrac ölkəyə
valyuta, idxal isə ölkədən valyuta aparır.

Təsirlərə gəldikdə isə, bu özünü İrandan idxalın azalmasında
göstərə bilər. Azərbaycana İrandan tikinti materialları, kənd
təsərrüfatı məhsulları, eləcə də quru meyvələr, yüngül sənaye
məhsulları, xüsusən də məişətdə istifadə edilən sənaye məhsulları
idxal edilir”.




İrandakı son hadisələr Azərbaycanın istehlak
bazarına necə təsir göstərə bilər?

Deputat vurğulayıb ki, əgər İranın ixrac imkanları daha uzun
müddət məhdudlaşsa, o zaman cənub qonşumuzda istehsal edilən bir
sıra məhsulların gətirilməsində çətinlik yarana bilər:

“Belə ki, 2025-ci ildə Azərbaycan İrandan portağal, təzə və ya
qurudulmuş (14.3 milyon dollar), kartof (13.6 milyon dollar), qida
üçün yararlı duz, yodlaşdırılmış məhsullar (11.8 milyon dollar),
badımcan (9.4 milyon dollar), peçenye (8.8 milyon dollar), kərə
yağı (8.7 milyon dollar), bibər, o cümlədən capsicum növünün və ya
pimenta növünün barı (8.3 milyon dollar), xurma, təzə vəya
qurudulmuş (6.4 milyon dollar), soğan (6.1 milyon dollar), yerkökü
(5.7 milyon dollar), kələm (4.5 milyon dollar), pendir (4.1 milyon
dollar), kivi (3.1 milyon dollar) və digər ərzaq məhsulları idxal
edib.

Bununla yanaşı, idxalda əsas ağırlıq tikinti və sənaye
məhsullarının payına düşüb. Sözügedən müddətdə İrandan azot (84.8
milyon dollar), arqon (48.7 milyon dollar), mərmərin dənəvərləri,
qırıntıları və tozu (20.1 milyon dollar), abidə və tikinti
daşlarının dənəvərləri, qırıntı və tozu (18.9 milyon dollar), təbii
barium sulfatı (12.5 milyon dollar), ağ portlandsement (9.7 milyon
dollar), hipoxloritlər, xloritlər və hipobromitlər (6.9 milyon
dollar), dinatrium karbonat (5.8 milyon dollar) və digər
qeyri-ərzaq məhsulları idxal olunub.

İradan ərzaq məhsulları ilə müqayisədə daha böyük məbləğlərdə
sənaye və tikinti məhsulları idxal edilir. Təbii ki, idxal edilən
məhsulların qiyməti müqayisəli şəkildə nisbətən aşağı olan
mallardır. Bu baxımdan, xüsusən də ərzaq məhsulları üzrə idxalların
daha qısa zamanda diversifikasiyasına ehtiyac var.

İrandan idxal azalacağı halda, onun Azərbaycanın istehlak
bazarındakı tarazlığa da xüsusi təsiri olmayacaq. Azərbaycanın
xariciticarət dövriyyəsinin cəmi 1.3 faizi İranın payına düşür.
2025-ci ildə illik idxalımızın 2.6 faizi İranın hesabına
formalaşıb.

İrandan idxal edilən malların, xüsusən də ərzağın qiymətinin
yüksəlməməsi üçün alternativ bazarlardan həmin məhsulların daha
qısa zamanda gətirilərək əvəzlənməsinə ehtiyac var. Təbii ki, bu
eyni zamanda müharibənin hansı müddəti əhatə etməsindən asılı
olacaq. Bununla belə, regionda baş verən hadisələr fonunda ərzaq
məhsullarının idxal bazarlarının şaxələndirilməsi və idxaldan
asılılığın minimumlaşdırılması prioritetliyini daha da
artırmaqdadır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir