
Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) şənbə günü İrana endirilən ilk
zərbələr zamanı İranın bir neçə yüksəkvəzifəli kəşfiyyat rəsmisinin
öldürüldüyünü açıqlayıb.
Trend bu barədə
“Times of Israel”ə istinadən xəbər verir.
Onların arasında İranın İsrail məsələləri üzrə kəşfiyyat
nazirinin müavini Seyid Yəhya Həmidi də var.
İDF-in məlumatına görə, o, yəhudilərə, Qərbə və “İranda və
xaricdə rejim əleyhdarlarına” qarşı hücumları idarə edib.
Bundan əlavə, hərbi qurum bildirir ki, zərbələr nəticəsində İran
Kəşfiyyat Nazirliyinin Casusluq İdarəsinin rəhbəri Cavad Pur
Hüseyn, eləcə də dünya miqyasında terror fəaliyyətinin təşviqində
iştirak etmiş bir neçə digər yüksəkvəzifəli şəxs də öldürülüb.
İDF qeyd edir ki, Kəşfiyyat Nazirliyinin rəhbərliyinin
öldürülməsi “rejimin terror hücumlarını həyata keçirmək və İranda
rejim əleyhdarlarını hədəfə almaq imkanlarına ciddi zərbə
vurub”.
Hərbi qurumun bildirdiyinə görə, bazar günü İsrail Hərbi Hava
Qüvvələri Tehrandakı Kəşfiyyat Nazirliyinin qərargahını da
bombalayıb.

