“INPEX” AÇG-də pay sahibi olan şirkət üzərində tam nəzarət əldə edib

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın “INPEX CORPORATION” (INPEX) şirkəti İqtisadiyyat,
Ticarət və Sənaye Nazirliyinə (METI) məxsus olan “INPEX South West
Caspian Sea Petroleum Co., Ltd.” (ISWCS) şirkətinin 49 faiz
səhmlərinin alınmasına dair razılaşmadan sonra səhmlərin
alqı-satqısı haqqında saziş imzalayıb.

Trend bu barədə “INPEX”-ə istinadən xəbər verir.

Nəticədə, “ISWCS” tam şəkildə INPEX-in törəmə şirkətinə
çevrilir.

“INPEX” şirkəti “ISWCS” vasitəsilə Xəzərin Azərbaycan sektorunda
yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) müqavilə sahəsində paya
malikdir və burada neftin kəşfiyyatı və hasilatı ilə məşğul
olur.

“”Azəri-Çıraq-Günəşli” layihəsi 20 ildən artıq müddətdə “INPEX”ə
sabit mənfəət və pul axını gətirən keyfiyyətli aktivdir. “ISWCS”də
əlavə səhmlərin alınması şirkətin gəlir bazasının daha da
möhkəmlənməsinə imkan verəcək. “INPEX” müqavilə sahəsində hasilat
səviyyəsinin qorunması və sübut edilmiş ehtiyatların artırılması da
daxil olmaqla, layihənin dəyərinin maksimuma çatdırılması
istiqamətində fəaliyyətini davam etdirəcək”, -deyə şirkətdən
bildirilib.




Qeyd edək ki, “INPEX” neft və qazın kəşfiyyatı və hasilatı
sahəsində dünyanın müxtəlif ölkələrində layihələr həyata keçirən
Yaponiyanın ən böyük şirkətidir.

AÇG layihəsində iştirak payları aşağıdakı kimidir:

bp — 30,37%, SOCAR — 31,65%, MOL — 9,57%, INPEX — 9,31%,
ExxonMobil — 6,79%, TPAO — 5,73%, ITOCHU — 3,65%, ONGC Videsh —
2,92%.

AÇG üzrə Məhsulun Pay Bölgüsü Sazişi çərçivəsində layihənin
operatoru bütün iştirakçıların adından “BP Exploration (Caspian
Sea) Limited” şirkətidir.

bp-nin son məlumatına əsasən, 2025-ci ildə AÇG üzrə orta illik
hasilat günə təxminən 330 000 barel (ildə təxminən 120 milyon barel
və ya 16 milyon ton) təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir