
Bakı. Trend:
İranın Dubaya hücumları və hava limanının bağlanması BƏƏ-də
panika yaradıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, ABŞ və İsrailin İrana hücumlarına
cavab olaraq atılan dron və raketlərin hava limanına, eləcə də bir
neçə yüksək səviyyəli otel və məşhur binalara zərər vurduğu
bildirilir.
Bu fonunda varlı şəxslər və beynəlxalq qonaqlar əmirlikləri tərk
etmək üçün alternativ marşrutlara üz tutublar.
BƏƏ Müdafiə Nazirliyi regional müharibənin genişlənməsi fonunda
Tehrandakı səfirliyin bağlandığını açıqlayıb və raketlərlə
dronların ələ keçirildiyini bildirib.
Dubaydan çıxmaq istəyənlərin bir qismi avtomobillə dörd saat
yarımlıq məsafədə yerləşən Maskata yollanır. Maskat hava limanı
gecikmələrə baxmayaraq fəaliyyətini davam etdirir. Lakin sifariş
saytlarına əsasən, Maskatdan Avropaya kommersiya reyslərinin
əksəriyyəti həftənin sonuna qədər tam dolub.
Özəl aviasiya sektorunda isə qiymətlər kəskin artıb. Maskatda
yerləşən “JetVip” şirkəti bildirib ki, “Nextant” tipli kiçik
təyyarə ilə İstanbula uçuş hazırda təxminən 85 min avroya başa
gəlir ki, bu da adi qiymətdən üç dəfə çoxdur. Moskvaya çarter
reyslərində isə yerlər adambaşına 20 min avro civarındadır.
Avstriyada yerləşən “AlbaJet” şirkətinin isə Avropaya uçuşlar
təxminən 90 min avroya təklif olunur, lakin sığorta tələbləri və
sahib qərarları səbəbindən bir çox operator regiona uçuş həyata
keçirmir. Nəticədə tələb yüksək, təklif isə məhduddur.
Dubayı tərk etmək istəyən digər şəxslər isə hava limanı açıq
qalan Riyada 10 saatlıq avtomobil yolunu seçirlər.
“Vimana Private Jets” şirkətinin baş icraçı direktoru isə
bildirib ki, Riyaddan Avropaya özəl uçuşların qiyməti hazırda 350
min dollara qədər yüksəlib.

